Qazax Dövlət Rəsm Qalereyasında səyyar sərgi açılıb
İyulun 30-da Qazaxda “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə italyan rəssamı Mikelancelo Pistoletto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” adlı səyyar sərgi açılıb.
Qazax Dövlət Rəsm Qalereyasında təşkil edilən sərgi Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” (“Third Paradise”) nəzəriyyəsini müzakirə etməklə, “Cittadellarte Fondazione Pistoletto” sənət mərkəzinin bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsinin nəticəsidir.
Sərginin təşkilatçısı, rəssam Akif Əmirov bildirib ki, sərgi “Üçüncü cənnət” nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Məlumat verilib ki, sərgi Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ilə başlayır. Bu labirint, ziyarətçiləri labirintin içindən keçirərək onların öz daxili “məni”ni, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə edilib. Bu səyahət ziyarətçini “Üçüncü cənnət” simvolunun üzərinə gətirib çıxarır. Həmin simvol “Qazax qatlaması” şirniyyatından hazırlanıb. Sözügedən simvol üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir. İki qarşı halqa təbiiliyi və süniliyi vurğulayır, orta halqa isə harmoniya üzərində qurulan yeni insanlığın generativ ana bətnini təmsil edir.
Rəssam Etibar İsmayılov bu sərgi üçün “arzular quyusu” yaradıb və onun istifadəsinə dair “şifrələnmiş” dildə təlimat təqdim edib. Mətnin üsulu insan beyninin möhtəşəm qüdrətinə istinad edir və rəssamın “mümkün olmayan heç nə yoxdur” inancını ifadə edir.
Günay Əliyevanın əsəri İosif Brodskinin məşhur “bizim məhsullar, bizim etiraflardan deyil, daha çox özümüzdən bəhs edir” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.
Mousa Bəyzadə “Üçüncü cənnət” ideyasına yanaşmaq üçün hamının bacardığı kağız kəsimi üsulundan istifadə edir. Onun əsəri sağlamlıq texnologiyalarının bizim ayrılmaz hissəmizə çevrilməsini əks etdirməklə, insan və texnologiyalar, təbiət və sünilik arasında harmonik münasibətlərin mümkünlüyünü sübuta yetirir.
Nəzrin Məmmədovanın aktual, fənlərarası və sinxron əsəri texnologiyalar, dizayn və təbiətin kəsişməsində yerləşir. İlkin olaraq yazılmış səslər öz orijinal mühitlərinə qoyulub və dağlarda əks-səda və rezonans verməklə çoxlaylı teksturalar, ritmlər və tezliklərə malik dolğun səs təəssüratlarını yenidən yaradır.
Vüsalə Ağarzayevanın əsərinin başlıca məqsədi yüksək texnologiyaların imkanlarına rəğmən, harmoniya və məqsədyönlü əlaqənin vacibliyini vurğulamaqdır. Belə ki, yüksək texnologiyalar bir tərəfdən həyatımızı asanlaşdırsa da, biz təbiətin bizə bəxş etdiklərinə də biganə qalmamalıyıq. Rəssam tərəzinin bir gözünə kiçik elektron cihazları, digər gözünə isə qum tökməklə öz “balansını” və bu konsepsiyanı vizuallaşdırır.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk dəfə olaraq bu cür sərginin Qazaxda təşkil edilməsini şəhərin mədəni mühitinin inkişafı üçün böyük rol oynadığını deyib. Sərgidə hər bir əsərin dərin fəlsəfi ismarış və rəmzlərlə zəngin olduğunu söyləyən Rəcəb Babaşov Qazaxın belə bir sərgi üçün məkan seçilməsinin heç də təsadüfi olmadığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, məhz ədəbi yaradıcılığı Qazaxla sıx bağlı olan Azərbaycan poeziyasının və nəsrinin bir çox görkəmli nümayəndələrinin yaradıcılığında bədii estetik zənginliklə yanaşı, hər bir əsərin məzmununda, obrazların dilində ifadə olunan fəlsəfi axtarışlar geniş əks olunub.