İstanbulda azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın fərdi sərgisi açılıb.

Aprelin 23-də “Vısıon Art Platform” qalereyasında təşkil edilən sərginin açılışında Azərbaycanın İstanbuldaki baş konsulu Nərminə Mustafayeva da iştirak edib.

“Bir arzu gerçəkləşir“ (A Dream Unfolds) adlı sərgi iyunun 23-dək davam edəcək. Ekspozisiyada müəllifin 61 əsəri nümayiş olunur.

Aida Mahmudova Sent-Martin İncəsənət və Dizayn Kollecində təhsil alıb. Belçika, London, Roma, Nyu-York, Moskva, Tiflis və Bakıda beynəlxalq fərdi sərgiləri olub, qrup sərgilərində, həmçinin 55 və 56-cı Venesiya Biennalesində iştirak edib.

Əsərləri innovativ materialar və yanaşmalar ilə səciyyələnir və avanqard düşüncə tərzi konkretləşir. Rəssam bizi incəsənətlə bağlı düşüncələrimizi yenidən nəzərdən keçirməyə sövq edir və dünyanı fərqli bir baxış bucağından yenidən dərk etməyə səsləyir.