Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-da yaşayan gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Baş konsulluqdan bildiriblər ki, sərgidə Aydan Hüseynli, Fidan Kim, Dinarə Cəbiyeva, Lalə Rəhimova və Səyyarə Nemətovanın əsərləri nümayiş etdirilib.
Baş konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış şəxslər, o cümlədən kimya üzrə Nobel mükafatçısı Arye Vorşel (Arieh Warshel), elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, ölkəmizin mədəniyyəti, incəsənəti, xüsusilə rəssamlıq sənətinin inkişafı, habelə Azərbaycanın görkəmli rəssamları haqqında ətraflı məlumat verib və sərgi müəlliflərini qonaqlara təqdim edib. Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin yetirildiyini qeyd edən baş konsul Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr və gənclərin yaradıcılığını dəstəkləyən “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyəti barədə də danışıb.
Sonra “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş etdirilib.
Həmçinin sərgi iştirakçılarından biri – Azərbaycanın mərhum opera müğənnisi Sona Aslanovanın nəvəsi Lalə Rəhimova klassik musiqi əsərləri səsləndirib. Film və musiqi proqramı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.