Avropanın “Airbus” təyyarə konserninin hazırladığı “Zephyr S” pilotsuz uçan aparatı havada 15 sutkadan çox qalaraq dronlar arasında uçuş müddətinin rekordunu təzələyib.
“Zephyr S” aparatının ilk uçuşu iyulun 11-də başlayıb. Arizona ştatında yerləşən poliqondan buraxılan dron indiyədək havada uçur. Aparatın uçuş müddətinin son rekordu onun yerə enişindən sonra qeydə alınacaq. Nəzəri baxımdan aparat havada 3 ay qala bilər.
Pilotsuz uçan aparatlar arasında uçuş müddətinin əvvəlki rekorduna “Zephyr” aparat prototipi imza atıb – günəş batareyaları ilə işləyən iki elektromotorlu dron havada 2 həftə qalıb.
Qanadlarının uzunluğu 28 metr təşkil edən “Zephyr” aparatının bütün üst səthi günəş batareyaları ilə əhatə olunub. Aparat 21,3 kilometr hündürlükdə uçuşlar yerinə yetirə və 5 kiloqramadək faydalı yük daşıya bilir. “Zephyr S” pilotsuz uçan aparatının seriyalı istehsalına bu ayın ortalarında Britaniyanın Farnboro şəhərində başlanılıb.