Fransanın tanınmış yazıçısı Jerar Kardon dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan Quba rayonunun Xınalıq kəndinə ekskursiya edib.
Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən kəndə gələn tanınmış yazıçı Xınalığın tarixi, yerli əhalinin adət-ənənələri və yaşam tərzi ilə maraqlanıb.
İki gün Qubada olan qonaq həmçinin dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi və rayonun digər görməli yerləri ilə tanış olub.
Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn Dərnəyinin prezidenti, Elzas Universitetində mühazirələr oxuyan, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülmüş Jerar Kardonun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri müxtəlif dillərə tərcümə olunub.
Yazıçı humanitar məsələlərin və qadın haqlarının müdafiəsi ilə bağlı kitabların müəllifidir.