Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı maestro Niyazinin (1912-1984) anım günü qeyd olunub.
Muzey işçiləri, musiqi xadimləri Niyazinin Fəxri xiyabandakı məzarını və paytaxtdakı abidəsini ziyarət ediblər.
Sonra Niyazinin mənzil-muzeyində anım gününə həsr olunmuş tədbir keçirilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək Niyazinin dünya musiqi tarixində tutduğu yer və bu sənətə verdiyi töhfələr haqqında danışıb.
Muzeyin elmi işçisi Əzirə Abdullayeva “Niyazi yaradıcılığında kino musiqisi” mövzusunda çıxış edib.
Bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov maestro ilə bağlı xatirələrini bölüşüb.
Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou və kinofilmlərdən fraqmentlərlə müşayiət olunub.
Tədbirin bədii hissəsində vokalçı Sevinc İbrahimova və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov Niyazinin “Arzu”, “Vətən nəğməsi”, Qara Qarayevin “Mən sizi sevmişdim” Əşrəf Abbasovun “Qurban olduğum”, Ədilə Hüseynzadənin “Məhəbbətlə doğulmuşam” və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Onu da qeyd edək ki, avqustun 2-si muzeydə “açıq qapı günü” olub.