Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.
Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 1-də imzaladığı “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.
Fərmanda bildirilir ki, əhalinin rifahının yüksəlməsi iqtisadiyyatın digər sahələri kimi, tikinti fəaliyyətinin də sürətli inkişafına rəvac verib ki, bu da, öz növbəsində, şəhərsalma və tikinti sahəsində idarəetmə qarşısında müəyyən yeni çağırışlar və hədəflər formalaşdırır və onun təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görülməsini labüd edir.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli fərmanında müəyyən dəyişikliklər edilib.
Həmin fərmanın 3.1. 4.7-1.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilib:
“4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə verilməklə):
Fərmanın 3.4. 4.12-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyəti orqanları” sözləri “Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində yerləşən, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilib.
Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.