Azərbaycanda kinonun 120 yaşı tamam oldu. 1898-ci ilin 2 avqustundan hesablanan bu sənət yolunda ölkə kinematoqrafiyası, demək olar ki, dünya kinosunun tarixi ilə bərabər yaranaraq müvafiq inkişaf mərhələlərini keçib.
Çünki dünya kinosunun tarixi elə də qədim deyil, bizdəki tarixdən cəmi üç il böyükdür.
1895-ci il dekabrın 28-də Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər. Beləcə, Fransada kinonun əsası qoyulub və bu sənət oradan dünyaya yayılıb, həmçinin Azərbaycana gəlib çıxıb. Yeri gəlmişkən, 28 dekabr dünyada Beynəlxalq kino günü kimi qeyd olunur.
Azərbaycanda kinonun 120 yaşının qeyd olunduğu bu günlərdə isə bu sənətin vətəni Fransanın ölkəmizdəki səfirliyi kino həvəskarları üçün maraqlı layihə təqdim edir.
Avqustun 3-də Fransanın Azərbaycandakı səfirliyi, Bakıdakı Fransız İnstitutu və “Landmark Hotel Baku”nun birgə təşkilatçılığı ilə “Mənim fransız filmim” adlı layihə başlanır.
Səfirlikdən bildirilib ki, layihə çərçivəsində ölkənin sevilən sənət adamları “Landmark”ın səmaya açıq terrasında nümayiş ediləcək fransız filmləri haqqında təəssüratlarını bölüşəcəklər.
Layihənin ilk qonağı Əməkdar artist Firdovsi Atakişiyevdir. Qonaqlar əvvəlcə Fransa-Almaniya-Avstriya istehsalı olan, məşhur rejissor Mixael Hanekenin çəkdiyi “Məhəbbət” filminə baxacaqlar. Film 2012-ci ildə Kann kinofestivalının baş mükafatına – “Qızıl palma budağı”na layiq görülüb.
Film ingilis dilində subtitrlə nümayiş olunacaq.