Türkiyənin Antalya bölgəsinin Kəpəz bələdiyyəsində Milli Məclisin deputatı Qənirə Paşayevanın təklifi əsasında 1918-ci ildə Azərbaycanda son mənzilə qovuşmuş türkiyəli şəhidlərin xatirəsinə həsr olunmuş memorial lövhə qoyulub.
Açılış mərasimində Kəpəz bələdiyyəsinin sədri Hakan Tütüncü tədbirdə çıxış edərək memorial lövhənin bugünkü və gələcək nəsillər üçün önəmi barədə danışıb.
Qənirə Paşayeva çıxışında bu addımın bütün türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. O, Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Kəpəzin də Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşmasının arzuedilən olduğunu deyib.
Hakan Tütüncü Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini, qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.