Beynəlxalq multikulturalizm yay məktəbinin budəfəki mövzusu “Bakı Prosesi”nin 10 illiyinə həsr olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən “Bakı Prosesi” 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil edilib. İyulun 30-da başlanan tədbirin iştirakçıları ertəsi gün Oğuz rayonuna gəliblər. Burada AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədovun “Azərbaycanda etnik müxtəliflik” mövzusunda mühazirəsi dinlənilib.
Avqustun 1-də tədbir Şəkidə davam edib. Yay məktəbinin üçüncü günündə Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədlinin “Azərbaycandakı dini müxtəliflik”, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri Ramil Abbəkirovun “Bakı Prosesi” 10 il ” mövzularında mühazirələri dinlənilib.
Nicat Məmmədli mühazirəsində Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb, atəşpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq və İslam dinlərinin yayılmasından söz açıb.
Mədəniyyət Nazirliyinin sektor müdiri Ramil Abbəkirov mühazirəsində “Bakı Prosesi” haqqında ətraflı məlumat verib. Bildirib ki, 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Konfransda “Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi” qəbul edilib.
Sonrakı dövrdə “Bakı Prosesi” regional təşəbbüsdən qlobal çağırışa çevrilməyə başlayıb. Bu çərçivədə, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib. 2011-ci ildə əsası qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu sahədə qlobal platforma statusu qazanıb. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.
Vurğulanıb ki, beynəlxalq miqyaslı tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumunun da xüsusi yeri var. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini dəfələrlə bir araya gətirib.
Mühazirələrdən sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Avqustun 2-də yay məktəbi layihəsində Rusiyanın Ural Federal Universitetinin professoru Tatyana Nesterovanın “Avropa dövlətlərinin müasir miqrasiya siyasəti”, BBMM-in şöbə müdiri Rəşad İlyasovun “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və BBMM-in fəaliyyəti” mövzularında mühazirələri dinlənilib.
Proqrama uyğun olaraq iştirakçılar Şəkinin tarixi məkanları – Kiş kəndindəki qədim Alban məbədi, Şəki xanlarının sarayı və Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olacaqlar. Sonra “Öz xalqını təqdim et” adlı musiqili axşamda yay məktəbi iştirakçılarının təqdimatları olacaq.
Avqustun 9-dək davam edəcək yay məktəbinin fəaliyyəti Qəbələ və İsmayıllı rayonlarını da əhatə edəcək, iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri təşkil olunacaq.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Budəfəki yay məktəbində Azərbaycan, Gürcüstan, Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxıstan, Rusiya, Rumıniya, Almaniya, Belarus, Xorvatiya, Bolqarıstan, Kolumbiya, Ekvador, İndoneziya, Serbiya, Portuqaliya, Slovakiya, Tacikistan, Monteneqro, Çexiya, Ukrayna, İtaliya, Türkiyə, Fələstin, Meksika, Çin, Estoniya kimi ölkələrin aparıcı universitetlərindən 35 tələbə iştirak edir.