Artıq 17 ildir ki, 1 avqust ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilir. Bu əlamətdar gün Prezident Heydər Əliyevin 2001-ci ilin 9 avqustunda imzaladığı fərmanla təsis edilib. 2001-ci il avqustun 1-də ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində nəşrlər latın qrafikalı əlifbaya keçib və beləliklə, 1992-ci ildən davam edən proses başa çatıb. Azərbaycan əlifbası və Azərbaycan dili günü bölgələrdəki kitabxanalar tərəfindən müxtəlif tədbirlərlə qeyd olunub.
* * *
Ağcabədi rayon Mərkəzi kitabxanasının əməkdaşları həmin gün Tarix-diyarşünaslıq muzeyində “Azərbaycan dili milli sərvətimizdir” başlığı altında tədbir təşkil ediblər. Tədbir iştirakçıları əvvəlcə təşkil olunmuş sərgiyə baxış keçiriblər.
MKS-nin direktor müavini Təranə Məmmədova və digər çıxış edənlər əlamətdar günün tarixi əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
* * *
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında “Dil millətin varlığıdır” adlı maarifləndirici tədbir keçirilib.
Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunması, bu günün önəmi barədə danışıb. Vurğulanıb ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvət, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən biridir. Dilimiz zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.
* * *
Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada əlamətdar günlə bağlı dəyirmi masa təşkil olunub.
MKS-nin direktor müavini N.Salmanova çıxışında qeyd edib ki, hər bir xalqın ən böyük mənəvi sərvəti onun ana dilidir. Tədbirdə mövzu üzrə çıxışlar olub, B.Vahabzadənin “Ana dili” şeiri səslənib. Vurğulanıb ki, 1 avqust tarixinin ölkəmizdə bayram kimi qeyd olunması dilimizə verilən yüksək dəyərin bir göstəricisidir.