Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun rəhbərliyi ilə müşavirə keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti mərhələsinin 4 avqust tarixində Sumqayıt şəhərində təşkili ilə bağlı hazırlıq işləri müzakirə olunub.
İdarə rəisi festival barədə danışıb, təşkilati işlər, tədbirin kütləvi informasiya vasitələrində işıqlandırılması, digər məsələlərlə bağlı tapşırıqlar verib. Vurğulanıb ki, festival şəhərdə əsl mədəniyyət bayramına çevrilməlidir. Qeyd olunub ki, layihənin əsas məqsədi Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.
Müşavirədə Sumqayıt Regional Mədəniyyət İdarəsini festivalda təmsil edəcək kollektivlər müəyyən olunub. Diqqətə çatdırılıb ki, Sumqayıt şəhər bulvarında keçiriləcək festivalda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin – Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçiriləcək.
Xatırladaq ki, “100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. İyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) başlanan festival artıq 15 regional idarədən 12-də gerçəkləşib. Festival iyunun 26-da Lənkəranda, iyunun 30-da Salyanda (Biləsuvar Regional Mədəniyyət İdarəsi), 1 iyulda Sabirabadda, 7 iyulda Füzuli rayonunun Horadiz şəhərində (Kürdəmir Regional Mədəniyyət İdarəsi), ardınca Ağdamın (Ağcabədi Regional Mədəniyyət İdarəsi) Quzanlı qəsəbəsində (8 iyul), Göyçay (Ağdaş Regional Mədəniyyət İdarəsi) şəhərində (14 iyul), Mingəçevir (Bərdə Regional Mədəniyyət İdarəsi) şəhərində (15 iyul) təşkil olunub. Daha sonra layihənin növbəti mərhələləri iyulun 21-də Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi), 22-də isə Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi), iyulun 27-də Oğuz şəhərində (Şəki Regional Mədəniyyət İdarəsi), 28-də isə İsmayıllıda gerçəkləşib.