Kino tariximizin ilkləri 
   
   
   Milli kinomuzun inkişafında dəyərli xidmətlər göstərmiş bir çox sənətkarlarımız olub. Belə simalardan biri 30 illik nakam ömründə əbədiyaşarlıq qazanan ilk professional kinorejissorumuz Səməd Mərdanovdur.
   
   Səməd Hacı Həşim bəy oğlu Mərdanov 1909-cu ilin sentyabrında Tiflisdə, zəngin bir ailədə dünyaya göz açıb. Atası Həşim bəy ziyalı və geniş dünyagörüşlü zadəgan olub. Müasirlərindən fərqli olaraq sənətə böyük rəğbət bəsləyib. Dövrün tanınmış ziyalıları, söz-sənət sahibləri ilə ünsiyyət qurmağı sevib. Tiflisdə yaşayan ziyalılar, şəhərə qonaq gələn yazıçılar, aktyorlar daima onun qonağı olub. O həm də Tiflisin mədəni həyatında fəallıq göstərib. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski və başqaları ilə şəhərin xeyriyyə işlərində yaxından iştirak edib. Səməd Mərdanov məhz belə bir mühitdə böyüyüb və sənət aləminə qədəm qoyub...
   O, kino sənətinə elə bir vaxtda gəlir ki, həmin dövrdə milli kinorejissorlar olmadığından filmlərimizi başqa millətlərdən olan sənətkarlar çəkirdi. Ancaq 30-cu illərdən etibarən azərbaycanlı kinorejissorlar yetişməyə başlayır. Məhz bu dövrdə - 30-cu illərin ortalarında Səməd Mərdanov ali təhsilli rejissor kimi Azərbaycan kinosunda fəaliyyətə başlayır.
   Kinoşünas Asif Əliyev Səməd Mərdanov haqqında qələmə aldığı oçerkdə onun hələ gənc yaşlarından iti ağıl və zirək düşüncə sahibi olduğunu qeyd edir. Bir gün böyük Azərbaycan aktyoru Hüseyn Ərəblinski Tiflisin gürcü-zadəgan teatrında Otellonu oynayarkən, tamaşadan sonra şəhər rəhbəri ziyafət təşkil edir. Orada Ərəblinski çıxış edərək Kürün buradan sürətli axınının səbəbini soruşur. Şəhər rəhbəri “bu suala ancaq balaca dostum Səməd cavab verə bilər” - deyir. Hacı Həşim oğlu Səmədi gətirmək üçün evə yollanır... Gənc Səməd ədəb-ərkanla məclisə daxil olur, keçib atası ilə yanaşı əyləşir. Sonra çox təmkinlə Ərəblinskinin sualını cavablandırır:
   - Xanımlar və cənablar! Zənnimcə, burada əlahiddə bir şey yoxdur. Əgər hava dumansız olsa, siz bu sualın cavabını özünüz də müəyyən edə bilərsiniz. Şəhərin bu yerində çayın coşqun axmasına bir səbəb var. Siz onun axarına qarşı dayansanız, bilirsiniz, nə görərsiniz? Ülvi eşq fədaisi Şeyx Sənanın və misilsiz Tamaranın möhtəşəm abidələrini. Kür çayı buradan gah şaqraq, gah da həzin bir pıçıltı ilə ona görə axır ki, bu müqəddəs insanları yuxudan oyatsın, qovuşduqları əbədiyyətdən qaytarsın.
   Hüseyn Ərəblinski balaca Səmədi bağrına basaraq deyib: “Mən sizi əmin edirəm ki, bizi heyran qoyan azərbaycanlı balasının böyük gələcəyi olacaq”.
   Beləliklə, demək olar ki, o vaxt Tiflisin mədəni mühiti Səmədin uşaq dünyasına böyük təsir edir. Elə bir teatr tamaşası olmur ki, Səməd ona baxmamış olsun. Bütün bunlarla bərabər onun həm də dil öyrənməyə böyük marağı olur. Qısa vaxt ərzində gürcü, rus, fransız dillərini mükəmməl mənimsəyir...
   Səməd teatra maraq göstərsə də, məhz kinorejissor olmaq arzusunda idi. Bunun üçün o, Moskvaya gedir. Müvəffəqiyyətlə imtahan verib Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə qəbul olunur. Dünya şöhrətli kinorejissor Sergey Eyzenşteynin tələbəsi olur. 1935-ci ildə təhsilini başa vurub ilk azərbaycanlı kinorejissor kimi Azərbaycana qayıdır.
   Qeyd edək ki, o, hələ tələbə ikən “Mavi dənizin sahilində” filminin ikinci rejissoru işləyir. 1935-ci ildə ekranlaşdırılan bu filmin əsas rejissoru B.Barnet tədbirlərin birində qeyd edir ki, Azərbaycanın ilk səsli filminin yaradılmasında Səməd Mərdanovun da əməyi var.
   Xəzər balıqçılarının həyatından, onların gündəlik qayğılarından, başlarına gələn sərgüzəştlərdən bəhs edən ekran əsərində görkəmli rejissor B.Barnetlə bir yerdə işləmək Səməd Mərdanovun ürəyincə olur. Hələ o zaman qocaman rejissor Məmməd Əlili Səməd Mərdanov haqqında belə deyir: “Səməd ilk çəkilişlərdə rejissor dostu B.Barneti öz təsiri altına sala bilmişdi. Məhz bu səbəbdən o, Səmədə çox inanırdı. Nəinki Barnet, elə çəkiliş qrupunun digər üzvləri də bu gənc oğlana hörmət və məhəbbətlə yanaşırdı”.
   Filmdə Alyoşa rolunun ifaçısı məşhur rus aktyoru Nikolay Kryuçkov isə müsahibələrinin birində qeyd edir ki, Barnetlə Səmədin bir-birini yaxşı başa düşməsi çəkilişi xeyli asanlaşdırır: “Səməd Mərdanov cavan olmasına baxmayaraq öz işini yaxşı bilir. Çəkiliş zamanı maraqlı və ağıllı fikirlər irəli sürür. Aktyorlarla işləməyi bacarır”.
   “Mavi dənizin sahilində” filmi Səməd Mərdanovun böyük kinoda ilk işidir. Professional rejissor kimi bu filmlə kinoya gələn Səməd Mərdanov bir neçə il sonra “Kəndlilər” filminə quruluş verir. “Kəndlilər” filmində hadisələr Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verir. Ssenarisini G.Midivaninin yazdığı film dövrün xarakterini bədii vasitələrlə əks etdirən dəyərli ekran əsərinə çevrilir. Səməd Mərdanov bu filmi ilə Azərbaycan kinosuna milli kadrları - aktyorları gətirir. Məmmədrza Şeyxzamanov, İsmayıl Osmanlı kimi məşhur teatr aktyorları kinoya bu filmlə gəlirlər. Bundan əlavə, filmdə Ələsgər Ələkbərov, Mustafa Mərdanov, Rza Darablı, Rza Əfqanlı, Sidqi Ruhulla, Əli Qurbanov, Möhsün Sənani və Fateh Fətullayev kimi məşhur aktyorlar çəkiliblər. Mütəxəssislər qeyd edirlər ki, bu filmdə kinematoqrafın imkanlarından ustalıqla istifadə edən gənc rejissor milli adət-ənənələrimizi, dövrün problemlərini çox aydın və bacarıqla əks etdirib. Əsərin qəhrəmanı Təhməz qızını mülkədara ərə vermək istəyir. Qız isə Göydəmiri sevdiyini bildirir. Göydəmir yoxsulların tərəfindədir və öz mahnılarında kəndliləri istismar edən mülkədarları ifşa edir, sonra inqilabi hərəkata qoşulur...
   Təəssüf ki, Səməd Mərdanov filmi axıradək başa çatdıra bilmir. Film üzərində tamamlama işləri aparılarkən ağır xəstələnir və dünyasını dəyişir (1939).
   Beləliklə, gənc rejissorun böyük inam və həvəslə başladığı sənət yolu yarıda qalır. Onun yaradıcılıq bioqrafiyası zəngin olmasa da, iki bədii və 1933-cü ildə çəkdiyi “Köçərilər” sənədli filmi ilə milli kino tariximizdə özünə layiqli yer tutub.
   
   Savalan Fərəcov