Sentyabrın 6-dan 8-dək Türkiyənin Safranbolu şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə növbəti “Qızıl zəfəran” (“Altın safran”) Beynəlxalq sənədli film festivalı keçiriləcək.

Festivalda ölkəmizi prodüser və rejissor Nadir Maçanov təmsil edəcək. O, festivalın münsiflər heyətində yer alıb.

Sənədli film festivalı hər il sentyabr ayında Safranbolu Bələdiyyəsi tərəfindən təşkil edilir. 2000-ci ildən bəri 19-cu dəfə keçiriləcək festivalın məqsədi mədəni mirasın qorunması və gələcək nəsillərə ötürülməsidir.

Safranbolu Bələdiyyəsi sədrinin müavini Fatih Ürkmezer bildirib ki, qədim şəhər ölkəmizin Osmanlıdan günümüzə özünü qoruyub saxlaya bilmiş, mədəniyyətini gələcək nəsillərə, yerli və xarici qonaqlara keçmişdən aldığı kimi əks etdirməyi bacarmış cazibə mərkəzlərindən biridir. Qeyd edək ki, Safranbolu şəhəri UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

“Qızıl zəfəran” festivalı çərçivəsində ənənəvi fotoqrafiya yarışması da təşkil olunacaq.

MEHPARƏ