“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ – 3” layihəsi çərçivəsində bir qrup yazıçı və şair cəbhəyanı bölgələrə – Xocavənd, Beyləqan və Ağcabədi rayonlarına səfər edərək məcburi köçkünlər, hərbçilər, yerli sakinlərlə görüşlər keçiriblər.
Görüşlərdə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri, “Azərbaycan Yazarlar Klubu”nun sədri, yazıçı-dramaturq Elçin Hüseynbəyli, AYB-nin Hərbi-vətənpərvərlik bölməsinin rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin əlaqələndiricisi, şair İlqar Türkoğlu, yazıçı Aləm Kəngərli, yerli şair və yazarlar iştirak ediblər.
İlk görüş Xocavənd rayonunda gerçəkləşib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov açıb və sənət adamlarının məcburi köçkünlərlə görüşünün yaddaqalan hadisə olduğunu bildirib.
Elçin Hüseynbəyli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında reallaşan layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, artıq üçüncü dəfə həyata keçirilən layihə məcburi köçkünlərə, ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.
Sonra həm Bakıdan gələn qonaqlar, həm də yerli şair və yazıçılar çıxış ediblər. Növbəti görüş Beyləqan rayonundakı N saylı hərbi hissədə keçirilib. Zabit və əsgərlər qarşısında çıxış edən yazarlar Azərbaycan ordusunun düşmən üzərində qələbə çalacağına inandıqlarını dilə gətiriblər.
Qələm adamları Ağcabədi rayonunda laçınlı məcburi köçkünlərin məskunlaşdığı “Taxtakörpü” qəsəbəsində də olublar. Laçın rayon İcra Hakimiyyətinin nümayəndəsi qonaqları salamlayaraq qeyd edib ki, yazarların bu gəlişi onlara ruh verir və insanları qürurlandırır. Elçin Hüseynbəyli dövlətimizin məcburi köçkünlərə qayğısından danışıb.
Görüşlərdə Şahin Musaoğlunun bəstəsində “Cənab leytenant”, “İgid əsgər, möhkəm dayan” mahnıları səsləndirilib. Yazarlar görüş iştirakçılarına Qarabağ döyüşçüləri və şəhidləri haqda kitabları və diskləri hədiyyə edib, xatirə şəkli çəkdiriblər.