Qırxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm.
Arif məclisində, alim yanında,
Neçə dəfə imtahana düşmüşəm.

Bu misraların müəllifi, saz-söz sənətimizin görkəmli nümayəndəsi, dastançı Aşıq Hüseyn Bozalqanlının anadan olmasının 155 ili tamam olur. Aşıq ədəbiyyatının dərin bilicisi olan sənətkar 1863-cü ildə Tovuz rayonun Bozalqanlı kəndində dünyaya gəlib.

Aşıq Hüseyn Bozalqanlının aşıq ədəbiyyatının və sənətinin yaşadılmasında misilsiz xidmətləri var. Onun irsi tədqiqatçılar tərəfindən öyrənilmiş və bu gün də öyrənilməkdədir. Bu il aşığın ikicildliyi çap olunmuşdur.

Məşhur alimlər, şair və yazıçılar V.Xuluflu, S.Mümtaz, H.Əlizadə, S.Vurğun, O.Sarıvəlli, C.Xəndan, M.İbrahimov və dövrün digər qabaqcıl ziyalıları aşıqla sıx ünsiyyət saxlamışlar. Vəli Xuluflu “Koroğlu” dastanının bir neçə qolunu Aşıq Hüseyn Bozalqanlının dilindən yazıya köçürmüşdür.

Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan ilk aşıqdır. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır. Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb. O, müasirləri – Aşıq Ələsgər, Xəyyat Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf Əlimərdanlı və başqaları ilə deyişib.

Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib.

Mahmud ƏYYUBLU
Azərbaycan Aşıqlar Birliyinin üzvü