Qubada milli yemək festivalı təşkil olunacaq
Azərbaycanda ilk dəfə “Regionun mətbəx günü” adı ilə milli yemək festivalı təşkil olunacaq. Avqustun sonunda Qubada keçiriləcək yemək festivalında ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdiriləcək.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, festivalda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim olunacaq: “Tədbirin keçirilməsində əsas məqsəd mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək və milli yeməklərimizə əl uzadanların qarşısını almaqdan ibarətdir”.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalın hazırlıq işlərinə artıq start verilib. Tədbirlə bağlı regiondakı müvafiq qurumların nümayəndələri, bir sıra tanınmış aşpazların iştirakı ilə hazırlıq iclası keçirilib, təşkilati məsələlər müzakirə olunub.