Yubilyar filmlərimiz silsiləsindən bu dəfə 50 yaşlı “Uşaqlığın son gecəsi” bədii filmindən söz açacağıq. Bu ekran əsəri sanki bizə Bakının tarixindən bir yadigardır. Elə bir insan tapılmaz ki, onun daxili aləminə, ruhuna yaxın bir sevimli filmi olmasın. Hələ uşaq yaşlarımdan çox sevdiyim bir filmlə bağlı yazı hazırlamaq həm xoşdur, həm də son dərəcədə nostalji hislər bəxş edir...
Öz şəhərinə vurğun sənətkar
Onu “Bakının romantiki” adlandırırlar. Çünki o öz şəhərinə vurğun rejissor idi. Tanınmış televiziya rejissoru Arif Babayev sənətə gəldiyi ilk gündən yaradıcılıq axtarışında olub, öz dəst-xətti, ekran mədəniyyəti ilə seçilib. Elə bu keyfiyyətlərinə görə də rejissor assistentliyindən baş rejissoradək sənət yolu keçib.
Televiziyadan kinematoqrafiyaya gələn rejissorun ideya-estetik mövqeyi tamam fərqli idi. O, professional kino rejissoru kimi filmin ideya-bədii dəyərini, geniş tamaşaçı auditoriyasının zövqünü əvvəlcədən duya bilirdi. Quruluş verdiyi “Uşaqlığın son gecəsi” filmi ümumilikdə keçmiş Bakıdan bir yadigardır desək, yanılmarıq. Paytaxtımızın köhnə küçələri, Bülbül prospekti, vaxtilə məşhur olan dükanların və restoranların qarşısı şəhər sakinlərində nostalgiya yaradır. İçərişəhərin damları, şəhər görüntüləri... Sözsüz ki, rejissorla bərabər filmdə bu işləmələrin bir qismi operator (Zaur Məhərrəmov) və rəssam (Elbəy Rzaquliyev) əməyinin bəhrəsidir.
“Bizim məhlədən heç əsər qalmayıb ki...”
Hərdən mənə elə gəlir ki, “Uşaqlığın son gecəsi” filmi gənclər haqqında, şəxsiyyətin formalaşması, məsuliyyətli vətəndaş barədə olsa da, bu ekran əsəri əslində bir qədim şəhərin tarixinin güzgüsüdür, bütövlükdə Bakının tərənnümüdür. Ən maraqlısı odur ki, bu filmdəki şəhərin taleyi, orada yaşanan hadisələr 50 il əvvəl necə idisə, bu gün də dəyişməz olaraq qalıb. “Bir ucdan elə hey sökürlər, guya burada təzə binalar olacaq. Bizim məhlədən heç əsər qalmayıb ki...”. Davudun 50 il bundan əvvəl dediyi fikirlər indi də qüvvədədir. Bu gün də Bakı qədimliyini qorumaqla gözəlləşən, sürətlə inkişaf edən şəhərdir.
Arif Babayev filmin hazırlıqlarına 1967-ci ildən başlayır və 1968-ci ildə çəkilişlərə start verilir. Çəkilişlər Bakıda yeni inşa edilən binaların ərazisində, kinostudiyanın pavilyonunda aparılıb.
Filmin ssenarisi Maqsud İbrahimbəyova məxsusdur. Ekran əsərinin başlanğıcındakı səhnəni, yəqin ki, xatırlayırsınız. Muradın yumruq və ayaqla, hətta milisləri də cəlb edərək döydüyü qapı. Bu gün həmin qapı artıq yoxdur. Şirvanşahlar sarayının yanında həmin qapı ilə birgə bütöv bir məhəllə tarixə qovuşub.
Yeri gəlmişkən, qeyd edək ki, film Maqsud İbrahimbəyovun ssenarist kimi kinoda debütüdür.
Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə film haqqında danışarkən vurğulayır ki, rejissor bu ekran işində köhnə estetik ölçülərdən uzaqlaşaraq hər şeyi təbii göstərməyə müvəffəq olub. Ekranda cərəyan edən əhvalatlar sanki rejissor təxəyyülünün məhsulu deyil, gündəlik həyatımızda rastlaşdığımız hadisələrdir. İçərişəhərdə gördüyümüz həyətin sakinləri də, onların həyat tərzi və münasibətləri də təbii, inandırıcıdır.
Filmin ssenarisi də öz orijinallığı, müasir üslubu, obrazların intellekti ilə seçilir. Baş qəhrəmanlar Murad (Ənvər Həsənov) və Rüstəm (Siyavuş Şəfiyev) xarakterinə görə bir-birinin əksi olan insanlardır. Murad həyatda hələ bərkə-boşa düşməyən, məktəbi yenicə bitirmiş bir gəncdir. O, həyatda necə yaşamaq, özünü necə aparmaq qaydalarını öz təmkini və sözündə möhkəm olmağı ilə seçilən Rüstəmdən öyrənir.
“Adə, bu da institutda oxuyur...”
Yəqin ki, filmdə unudulmaz dialoq və kadrları hər biriniz xatırlayırsınız: “Adə, bu da institutda oxuyur. Məktəbdə ömrü boyu məndən köçürərdi. Heç nə bilmir, tanışlıqla girib”. Həmin o tanışlıqla instituta qəbul olunan epizodik obrazın ifaçısı, bu gün ömrünün 60 ilə yaxınını kinoya həsr edən rejissor Akif Rüstəmovdur. Akif müəllim çox həzin və duyğulu hislərlə xatirələrini bizimlə bölüşür:
- 1967-ci ildə kinostudiyaya işləməyə gələndə Arif müəllim məni bu filmə rejissor köməkçisi götürdü. Bir ay işlədikdən sonra məni özünə assistent seçdi. Rəhmətlik Fikrət Əliyev də filmdə ikinci rejissor idi. Murad Məlikov var idi. 30 il idi kinoda çalışırdı. Onlardan bu sənətin sirlərini öyrəndim. Arif Babayevlə işləmək sanki bayram idi. Filmin bəstəkarı Polad Bülbüloğlu o zaman Moskvada yaşayırdı və musiqini kasetə yazıb göndərmişdi. Mən və Arif müəllim ilk dəfə filmin final musiqisinə elə səsyazma studiyasında qulaq asdıq. Üzbəüz divarlara söykənib dinləyirdik. Musiqi bitdikdən sonra ikimiz də ağlamışdıq. Çox təsiredici musiqi idi və bu mənim heç zaman yadımdan çıxmır...
Akif müəllim həmin kiçik obraza çəkilməyi öz səhvinin “bəhrəsi” hesab edir. Deyir ki, bahalı maşını olan tanışı çəkiliş günü gəlib çıxmadığı üçün yoldan ötən “Moskviç” markalı maşınlardan birini sahibindən alırlar. Onu da geyindirib kinolentin yaddaşına köçürürlər.
Müsahibim filmdə bir sıra obrazlarla da bağlı fikirlərini bölüşür. Bildirir ki, filmdə yer alan sürücü Ramiz Tağıyev çəkilişlər dövründə artıq biznesmen kimi tanınırdı – Neftçilər prospektində ayaqqabı mağazasının sahibi idi. Nənə obrazının ifaçısı Törə xanım isə İçərişəhərdə Arif müəllimin qonşusu idi. Ömründə filmə çəkilməyən qadın rejissorun sayəsində gözəl obrazlar yaradıb. Yaşlı olduğundan pis eşidirdi və yaradıcı heyətdə təkcə rejissorun sözlərini dinləyirdi.
Filmdə Məcnun obrazı da tamaşaçıların yaddaşına həkk olub. Akif müəllim deyir ki, bu rolun ifaçısı Xosrov Abdullayev Rusiya sirkində çalışan məşhur azərbaycanlı idi və onu filmə Arif Babayevin xahişi ilə Siyavuş Şəfiyev dəvət etmişdi. Rejissor aktyorları xarakterlərinə, görünüşünə uyğun necə dəqiqliklə seçmişdisə, bu da filmin daha maraqlı alınmasında mühüm rol oynamışdı.
Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük Qala küçəsində lentə alınıb və bu zaman filmdə ayaqqabı ustası öz köşkündən çıxaraq Muradı səsləyir. Həmin ayaqqabı ustası Əhməd dayının işlətdiyi köşk, həqiqətən də, pinəçi köşkü idi. Pinəçi obrazını aktyor Dadaş Kazımov yaradıb və o bundan əvvəl “İstintaq” filmində də eyni obrazı yaradıb. Həmin köşk uzun illər İçərişəhərdə fəaliyyətdə olub və şəhərdə çoxlarının müraciət etdiyi ayaqqabı ustası Məmməd kişi həmin köşkdə çalışıb. O, populyar müğənni Elarizin atasıdır. Filmin ən gözəl cəhətlərindən biri də budur ki, personajlar bizimlə eyni insanlardır. Bu obrazlar filmə səmimilik gətirir, tamaşaçının qəlbinə yol tapır.
Gəl, ey səhər...
Filmin finalı yadınızdadırmı? Səhər, dəniz və fonda səslənən möhtəşəm mahnı. Xalq artisti, görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlunun film üçün yazdığı musiqilər əlli ildir ki, qəlbləri riqqətə gətirir. Ən maraqlısı isə budur ki, 1967-ci ildə Bakıda metro istifadəyə verilir və həmin il bəstəkar Bakı metrosuna da həsr edilmiş mahnı yazır. Filmdə həmin mahnının instrumental musiqisindən də istifadə edilib.
Filmdə məşhur Davud obrazı var ki, bu da rejissorun qardaşı Akifin prototipidir. Akif özü də quş saxlayan və baməzə adam olduğu üçün Arif Babayev Davudun timsalında qardaşının surətini filmə gətirib. Deyilənə görə, qardaşı və qohumları bu obraza görə Arif Babayevə irad da bildiriblər. Unudulmaz aktyor Yaşar Nurinin atası Məmmədsadıq Nuriyev də Akifi yaxşı tanıdığı üçün obrazı məharətlə yaradıb. Ümumilikdə isə filmin maraqlı aktyor ansamblı var. Baş rolun ifaçıları Ənvər Həsənov və Siyavuş Şəfiyev, eləcə də Ətayə Əliyeva, Yusif Vəliyev, Məlik Dadaşov, Muxtar Maniyev, Ələkbər Seyfi, Tofiq Mirzəyev və digərləri filmin uğurunda pay sahibidirlər.
Avqustun 1-də “Xalq artisti” fəxri adına layiq görülən Ənvər Həsənov 50 il bundan əvvəli xatırlayaraq filmin yaradıcı heyətindən çox az insanın bu gün həyatda olduğunu bildirir: “Arif Babayev gözəl insan idi, İçərişəhərdə qonşu idik. Filmin personajlarını çox gözəl tanıyırdı. Filmə çəkiləndə 17 yaşım vardı. Arif Babayevlə dostlaşmışdıq. Hətta səhərlər görüşür, birlikdə səhər yeməyi yeyir, çəkiliş meydançasına gedirdik”.
Aktyor xatirələri yada salaraq deyir ki, Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb: “Bu epizodda mən ona “Sən öləsən” deyirəm. O da cavabında “Özzün öləsən” cavabını verir. Bu ekspromt idi. Maraqlı dialoqların yer aldığı yeməkxana səhnəsi isə kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib. Yeməkxanadakı insanların yarısı kinostudiyanın işçiləri idi. Çəkiliş nahar vaxtına salındı ki, təsvirlərdə təbiilik olsun”.
Yarım əsr öncə lentə alınan “Uşaqlığın son gecəsi” filmi bu gün də maraqla baxılır, sevilir. Film 1969-cu ildə Kiyevdə “Prometey-69” III zona kinofestivalında “Gənclik üçün ən yaxşı film” nominasiyasında mükafata layiq görülür. Ənvər Həsənov ən yaxşı kişi roluna görə, bəstəkar isə ən yaxşı musiqiyə görə mükafatlandırılır.
Sonda qeyd edək ki, ekran əsəri bir neçə il əvvəl Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Film Fondu və Rusiya Dövlət Film Fondunun birgə təşəbbüsü ilə bərpa olunub.
Lalə AZƏRİ