Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində “İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adlı layihəsi çərçivəsində çəkilmiş sənədli-bədii filmin təqdimatı olub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmiş filmin rejissoru Etibar Məmmədov, layihə rəhbəri isə Aybəniz Qafarovadır.
Bildirilib ki, filmin bir hissəsi 1961-ci ildə Gəncədə doğulan və 1992-ci ildə Qarabağda gedən döyüşlərdə həlak olan şəhid-şair Aydın Salmanovdan bəhs edir.
Filmin ikinci hissəsində isə 2016-cı ilin aprelində gedən döyüşlər zamanı həlak olan şair-müəllim Mikayıl Vahabzadədən söhbət açılır. Mikayıl Vahabzadə 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib. 2015-ci ildə hərbi xidmətə gedib. M.Vahabzadə ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.