“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) filiallarından biri Xaçmaz rayonunda fəaliyyət göstərir. Burada Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Həmin çeşnilər qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Xaçmazdakı xalça istehsalı emalatxanasında artıq 100-cü xalça kəsilib.
Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçanın kəsilməsi toxucuların zəhmətinin son mərhələsidir. Ona görə də xalça kəsilməsini toxucular həmişə xüsusi mərasim kimi qeyd ediblər. Evlərdə qurulan hanalardan xalçaların kəsiləcəyi günü insanlar toy-bayram kimi səbirsizliklə gözləyiblər. “Azərxalça”nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər.
Xatırladaq ki, “Azərxalça”nın 10 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 1000-dən çox xalça toxunub.