Polşa jurnalında Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan və polyak dillərində “100 il əvvəl Azərbaycanda” sərlövhəli məqalə dərc edilib. Yazıda ölkəmizin Polşadakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirdiyi tədbirdən ətraflı söz açılır.

Səfirlikdən bildiriblər ki, məqalədə, həmçinin polşalı yazıçı Stefan Jeromskinin “Erkən bahar” əsərinə istinad edilərək, ölkələrimiz arasındakı bağların təkcə bu ədəbi əsərlə məhdudlaşmadığı, iki ölkə arasındakı əlaqələrə dair səfirlik tərəfindən müxtəlif mövzulu onlarla kitabın nəşr edildiyi diqqətə çatdırılır.

Məqalədə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun çıxışına da geniş yer verilib. Səfir çıxışında müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddətdə keçdiyi inkişaf yolundan, həmin dövr ərzində əldə edilmiş nailiyyətlərdən ətraflı bəhs edib.

Səfir Azərbaycan-Polşa əlaqələrindən danışaraq qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin çoxəsrlik tarixi var. “Bir çox polyak 100 il bundan əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi uğrunda vuruşub, hətta həlak olublar. Azərbaycan xalqı polyakların bu xidmətini heç vaxt unutmayacaq”, - deyə diplomat vurğulayıb.