Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.
Təbrikdə qeyd edilir ki, dini dəyərlər bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. İslam dini xalqımızın mənəvi inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam ənənələri Azərbaycanda həmişə uca tutulmuşdur. 743-cü ildə Şamaxıda inşa edilmiş Cümə məscidi müsəlman dünyasının ən qədim ibadətgahlarından biridir.
Tarixən multikultural cəmiyyəti və tolerantlıq mühiti ilə tanınmış Azərbaycanda bu gün dövlətimiz tərəfindən dini dəyərlərə, o cümlədən İslam dininin zəngin irsinə böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin müvafiq tapşırıq və sərəncamları ilə paytaxt Bakıda, digər şəhər və rayonlarımızda tarixi məscidlərimiz təmir-bərpa edilir, yeni ibadət ocaqları yaradılır. İslam mədəniyyəti nümunələrinin qorunması və təbliği diqqət mərkəzində saxlanılır. Dövlət başçısının sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi, həmçinin Naxçıvan şəhərinin bu il “İslam mədəniyyətinin paytaxtı” missiyasını yerinə yetirməsi Azərbaycan Respublikasının İslam dünyasına mühüm töhfələridir.
Təbrikdə müqəddəs Qurban bayramının əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, insanın Yaradana inam və sədaqətini ehtiva edən Qurban ayini bizləri xeyirxah amallara çağırır, mənəvi rahatlığımıza, birlik və bərabərliyimizə vəsilə olur. Bayram günlərində insanlar Tanrının sonsuz qüdrət və mərhəmətinə şükür edərək qurbanlar kəsir və imkansızlarla paylaşırlar. Bu bayramın bərəkətindən hamıya pay düşür.
Nazir təbrikin sonunda ölkəmizin mədəniyyət işçilərinə Qurban bayramı münasibətilə ən xoş diləklərini çatdıraraq hər kəsə firavanlıq, səadət və yeni uğurlar arzulayıb.