Türkiyəli tanınmış rejissor Nuri Bilgə Ceylanın ekranlaşdırdığı “Əhlət ağacı” filmi “Oskar” mükafatına namizəd kimi təsdiqlənib.

17 nəfərlik seçici assambleyası “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Türkiyə namizədini müəyyənləşdirmək üçün qiymətləndirmə iclası keçirib. Bədii tədbirlər komissiyasına müraciət edən 12 ekran əsərinin dəyərləndirildiyi komissiyada “Əhlət ağacı” filmi namizəd seçilib.

2014-cü ildə Türkiyə rejissoru Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmi 67-ci Kann festivalının baş mükafatına - “Qızıl palma budağı”na layiq görülüb. Rejissorun “Üç meymun” filmi 2009-cu ildə “Oskar”a iddiaçılar sırasında son onluğa düşə bilmişdi.

91-ci “Oskar” mükafatı 2019-cu ilin fevralında təqdim olunacaq.