Sentyabr ayında ölkəmizdə ənənəvi olaraq teatr-konsert müəssisələrində yeni mövsümə start verilir. Artıq bu sıraya kino nümayişi müəssisələri də qoşulub. Mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrə əsasən, ötən ildən başlayaraq 15 sentyabrda ölkəmizdə kino mövsümü başlayır.
Bu il yeni mövsüm həm də Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə əlamətdardır. Azərbaycan kino sənəti ötən müddət ərzində zəngin inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Bu gün kino sənətinin inkişafı diqqət mərkəzində saxlanılır. Milli kinoya ictimaiyyətin əvvəlki sevgisini, marağını qaytarmaq, kinonun inkişafı və təbliği məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib. Bu il həmçinin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” yekunlaşır. Dövlət Proqramının təsdiq edilməsindən keçən müddət ərzində 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino, audiovizual sənayesi ilə iş və filmlərin istehsalı sektorunun müdiri Aydın Hüseynov deyir ki, bu il də kino mövsümü geniş şəkildə davam edəcək, milli filmlərimiz, o cümlədən yeni ekran əsərləri nümayiş olunacaq: “Ötən il sentyabrın 15-də ölkəmizdə kino mövsümü açıldı. Məqsəd vətəndaşlarımızın milli filmlərə marağını artırmaq, onların asudə vaxtlarının daha maraqlı keçirilməsini təmin etməkdir. Yeni kino mövsümünün açılışına hazırlıq görülür. Həm Bakıda, həm də bölgələrdəki müəssisələr yeni filmlərlə təmin olunur”.
Sektor müdirinin sözlərinə görə, bu mövsümdə tamaşaçılar son illərdə çəkilmiş bədii, sənədli, o cümlədən Milli Qəhrəmanlara həsr olunan ekran əsərlərini izləyə biləcəklər. Siyahıya son illərdə ölkəmizdə istehsal olunan cizgi filmləri də daxil edilib. Filmlər mədəniyyət evləri, Heydər Əliyev mərkəzləri və kino nümayişi üçün əlverişli olan digər məkanlarda nümayiş olunacaq.
Bu il Azərbaycan kinosunun 120 illiyinin tamam olduğunu qeyd edən A.Hüseynov bildirdi ki, kino mövsümündə bununla bağlı tədbirlər də yer alacaq. Həmçinin bir sıra kino xadimlərinin yubileyləri qeyd olunacaq. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Həsən Məmmədovun 80 illiyi qeyd olunacaq. Bakıda və Salyanda tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə Bakıda və Şəkidə böyük tədbirlər hazırlanır.
Qeyd edək ki, 15 sentyabr tarixində kino mövsümünün açılışında ilk seansdan əvvəl əlamətdar günlə əlaqədar tamaşaçılara qısa məlumat veriləcək. Milli filmlərin nümayişi ilə başlanan mövsümün mərhələli şəkildə xarici filmləri də əhatə etməsi nəzərdə tutulub. Bunun üçün ölkəmizdə film nümayişini həyata keçirən özəl şirkətlərlə danışıqlar aparılır. Həmçinin paytaxtdakı özəl kinoteatrların gündəlik repertuarlarında milli filmlər üçün seansların ayrılması planlaşdırılır.
Fariz HÜSEYNOV