Vaqif Mustafayev Serbiyada təltif olunub
   
   Görkəmli rejissor, Xalq artisti, Avropa Kino və Televiziya Akademiyasının üzvü, "Space" telekanalının rəhbəri Vaqif Mustafayev Serbiyada səfərdə olub. Serbiyanın Mədəniyyət və İnformasiya Nazirliyi, Dövlət Film Fondu və Kinotekanın dəvətilə gerçəkləşən səfər zamanı rejissora "Dünya kinosuna verdiyi töhfələrə görə" mükafatı təqdim edilib.
   Qeyd edək ki, bu nüfuzlu mükafata Teo Anqelopulos, Ken Rassel, Bernardo Bertoluççi, Emir Kusturitsa, Nikita Mixalkov kimi tanınmış rejissorlarla yanaşı, Vaqif Mustafayevin də layiq görülməsi onun sənətinə dünya miqyasında da layiqli qiymət verilməsinin bariz nümunəsidir. Bu ölkədə kifayət qədər populyar olan azərbaycanlı kinorejissor həmçinin Serbiya İncəsənət Akademiyasının fəxri professoru adına da layiq görülüb, bu ali təhsil ocağında sənət adamlarına ustad dərsləri keçib. Serbiyanın mədəniyyət və informasiya naziri Bratislav Petkoviçin həmyerlimizin səfəri şərəfinə düzənlədiyi konfransda iştirak edən ölkənin tanınmış incəsənət xadimləri, kinoşünaslar Vaqif Mustafayevin ekran əsərlərini, xüsusilə "Hər şey yaxşılığa doğru" filmini yüksək qiymətləndiriblər.
   Kinorejissor Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini, Serbiyanın görkəmli şairi Milorad Pavicin və 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş 16 şəhidin xatirəsinə ucaldılmış abidələrini ziyarət edib. Serbiyanın dövlət televiziyasına müsahibə verən, "Xeppi" müstəqil telekanalının xəbərlər proqramında çıxış edən Vaqif Mustafayev bu ölkənin mədəniyyətinə yüksək dəyər verdiyini vurğulayıb.
   Rejissor Serbiya Kinotekasının yeni binasının açılışında iştirak edib, Dövlət Film Fondu, “Avalafilm” kinostudiyası ilə tanış olub. Səfər günlərində Serbiyada V.Mustafayevin filmləri nümayiş olunub. Ölkənin Mədəniyyət və İnformasiya Nazirliyinin sifarişi ilə rejissorun "Milli bomba" filmi serb dilinə tərcümə edilib.