Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeniləri yaradılır. Yeni parkların və istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.
Xəbər verildiyi kimi, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olublar. İdman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan idman-əyləncə park kompleksi barədə ölkə başçısına məlumat verib. Bildirilib ki, park kompleksinin ümumi sahəsi 36 min kvadratmetrdən çoxdur. Parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, torpaq münbitləşdirilib, yaşıllıq zolağı salınıb, ağac və dekorativ kollar əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir. Buradakı heykəllər xüsusi dizayn və üslubu ilə fərqlənir. Parkda müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər və “Love” kompozisiyası quraşdırılıb. Park kompleksinin ərazisində örtülü şahmat pavilyonu da var. Bundan başqa, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası və trenajor meydançası qurulub. Burada kafe də fəaliyyət göstərəcək.
İdman-əyləncə park kompleksi ilə 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Sevirəm” parkını asfaltlanmış sahə, avtodayanacaqlar və müasir metal körpü birləşdirir. Beləliklə, bu idman-əyləncə park kompleksinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir ünvan əlavə olunub.
* * *
Avqustun 26-da Heydər Əliyev Fondu Xətai rayonunda yeni istifadəyə verilmiş idman-əyləncə park kompleksində uşaqlar üçün şənlik təşkil edib. Tədbirdə paytaxtın bir sıra uşaq evlərində məskunlaşan valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslər, internat məktəblərinin şagirdləri iştirak ediblər.
Şənlikdə uşaqlar üçün müxtəlif əyləncə və şou proqramlar təqdim edilməklə yanaşı, müsabiqələr, idman estafetləri və oyunlar keçirilib.
Tədbir iştirakçıları park ərazisində müxtəlif sahələr üzrə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, bayram ovqatlı yaddaqalan bir gün yaşayıblar. Şənlikdə uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Xatırladaq ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq əyləncə və maarifləndirici layihələr həyata keçirir, onları ailə qayğısı ilə əhatə edir.