Seans
      
   
   Bu suala “Pinin həyatı”nda cavab tapa bilərsiniz
   

   Tayvan əsilli kinorejissor Enq Li bu il Amerika Kino Akademiyasının “Oskar” mükafatı uğrunda mübarizəyə “Pinin həyatı” filmi ilə qatılmışdı. Müxtəlif illərdə “Qızıl şir” (Venesiya kinofestivalı), “Qızıl ayı” (Berlin festivalı), “Qızıl Qlobus” və “Oskar” mükafatlarına layiq görülmüş rejissor növbəti dəfə “ən yaxşı rejissor işi” nominasiyası üzrə qalib oldu.
   
   Onun 2006-cı ildə lentə aldığı “Qozbel dağ” filmi də eyni nominasiyada “Oskar” qazanmışdı. Rejissor filmlərində insan psixologiyasını özünəməxsus şəkildə təsvir edir. “Pinin həyatı” da bu baxımdan istisna deyil. Yan Martelin 2001-ci ildə işıq üzü görən eyniadlı romanı əsasında lentə alınan film builki “Oskar” təqdimatında “ən orijinal musiqi”, “ən yaxşı operator işi” və “ən yaxşı vizual effektlər” nominasiyalarında da qalib gəlib. Bir sözlə, filmə baxmağa dəyər.
   
   Hindistanda keçən uşaqlıq və Tanrı “axtarışı”
   
   Film həzin hind musiqisinin müşayiəti ilə təbiətin, heyvanların təsviri ilə başlayır. Daha sonra məlum olur ki, bura heyvanxanadır. İllər öncə həyatında baş vermiş hadisəni bir yazıçıya nəql edən Pi (Surac Şarma) ailəsi ilə bu heyvanxanada yaşayır, o hətta burada anadan olub. Atası bu heyvanxananın sahibidir. Uşaqlığı təbiətlə təmasda keçən bu oğlan tez-tez valideynlərinə Tanrı, həyatın anlamı, insan yaradılışı ilə bağlı fəlsəfi suallar verir. Filmin bir hissəsi Pinin Tanrı “axtarışı”na çıxmasına həsr olunur. Hindistan müxtəlif dinlərin yayıldığı ölkədir. Rejissor bu məkanı axtarış üçün ideal məkan hesab edir. Pi iudaizm, xristianlıq və islamla maraqlanır. Valideynləri onun bu axtarışına liberal yanaşır, uşağın özünü tapmasına şərait yaradırlar. Bu axtarış fonunda rejissorun Tanrı, din haqqında maraqlı fikirləri də səslənir. Pinin atasının təbiri ilə desək, “elm insana ətrafını dərk etməkdə daha geniş imkanlar açır”, hər şeyə rasional yanaşmağı öyrədir. Bu axtarışlar, ilk sevgi də Pinin həyatını bir o qədər dəyişmir. Hər şey monoton və cansıxıcı görünür. Əsas faciə ailənin Kanadaya köçməsi ilə başlayır. Heyvanxananı satdıqdan sonra biznesmen ata bir neçə heyvanı da aparmaq qərarına gəlir. “Riçard Parker” adlı benqal pələngi həmin heyvanların arasında olur. Təəssüf ki, Kanadaya gedib çatmaq bu ailəyə qismət olmur. Gəmi batır, Pi və pələng isə xilasetmə qayığında sağ qalırlar. Əsas hadisələr də bundan sonra başlayır.

   Sivilizasiyadan kənarda insan. Sən kimsən?
   
   Budur, Pi dənizin ortasında vəhşi heyvanla birlikdə sağ qalır. O, bu günə qədər həyatında baş verənləri unudub başqa həyata başlamalı olur. Vəhşi heyvanla dəniz ortasında yaşamaq? Yəqin ki, ağlasığmazdır. Axı o vəhşidir. "O günahkar deyil ki, Tanrı onu bu cür vəhşi yaradıb?”- deyə düşünən Pi həyatın anlamını da açıq səma altında tapır.
   Sivilizasiyadan uzaq, təbiət və yırtıcı ilə baş-başa qalan insanın həyatı necə ola bilər? Bu haqda düşündünüzmü? Cəmiyyətimizdən, adət etdiyimiz həyatdan, doğmalarımızdan kənarda biz kimik? Əgər bir gün hər şeyi itirsək, yaşamağımızın anlamı olarmı? Nəyə tapınıb davam edərik?
   Rejissor insanı ən ağlasığmaz həyat hadisəsi ilə sınağa çəkir. İnsan kimdir? Nə üçün yaradılıb? Yaşamağının mənası nədir? Enq Li bu cür sualları araşdıran nə ilk, nə də son rejissordur. Əsas olan odur ki, filmə baxırsan və düşünürsən - həyat budur! Ətrafınızda kimin olmasından asılı olmayaraq sevə-sevə yaşamaq. Film vəhşi heyvanla yaşamağın mümkünlüyünü tamaşaçıya göstərə bilir. Əsas sevməkdir, istəməkdir, mübarizədir. Pi pələngi öldürməyə çalışmır. “Riçard” onun həmdəmi, yaşamaq uğrunda mübarizədə ortağına çevrilir. Hətta iş o yerə çatır ki, Pi onun ölə biləcəyindən qorxuya düşür, yeganə dostunu itirmək istəmir. Onun həyatda əsas məqsədi yaşam uğrunda apardığı mübarizədir. Onu yaşadan da budur. Mübarizə. Yaşamaq uğrunda hər gün mübarizə!
   
   Təsviri gözəl olan həyat hadisəsi
   
   Ekran əsəri gözəl təsviri sevir. “Pinin həyatı” gözəlliklə doludur. Artıq və əskik heç nə yoxdur. Operator Klaudio Mirandanın ustalığını xüsusi qeyd etmək lazımdır. Filmdə qəribə parlaqlıq var. Rənglər, qurulmuş təsvirlər hadisələri asan və ən əsası sevə-sevə qavramağa imkan verir. Nə qədər fantastik təsvirlərin yer almasına baxmayaraq kadrı gördüyündə hər şeyi reallıq, kimi qəbul edirsən. Bu cür məkanı, yerləri, təbiət gözəlliklərini görmək arzusu ilə tamaşa edirsən. Səmanın suda əksi, adada hər şeyin bərq vurması, insanla vəhşinin dil tapa bilməsi...
   Enq Li texnikanın gücündən maksimum istifadə edə bilən rejissordur. Filmdə diqqətçəkən məqamlardan biri də pələngin qrafik yolla hazırlanmasıdır. Baxdığında ağlına gəlmir ki, pələng real deyil. Kadrlar, musiqi, texnikanın gücündən istifadə və üstəlik aktyor oyunu. Emosiya, temperament, hissləri ötürə bilməsi baxımından da film uğurludur. Dinamikası, ritmi, məğzi bir həyat hekayəsini mükəmməl nəql etməyə şərait yaradıb.
   Filmdə baş verənləri üzərinizə köçürüb öz həyatınızı görə bilərsiniz. Kimlərlə mübarizə aparırsınız? Enq Li deyir ki, həyat mübarizə apardıqda anlamlı olur!
   
   Reyhan İsayeva