Avqustun 27-də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunan “Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri” adlı antologiyanın birinci cildinin təqdimatı keçirilib.

Kitabın tərtibçilərindən Nəzmiyə Hicran “Orhun Yayınları”nda dərc olunmuş antologiyada həm türk, həm də azərbaycanlı klassiklərin əsərlərinin toplandığını bildirib. Qeyd edib ki, Abdullah Tüylü ilə birgə ərsəyə gətirdiyi nəşrin məqsədi əsasən türk ədəbiyyatına böyük töhfələr vermiş iki qardaş xalqın ədiblərinin gənclərə və gələcək nəslə tanıdılmasıdır.

Kitabda Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Səməd Vurğun, Hüseyn Arif, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Osman Sarıvəlli, Məmməd Rahim, Süleyman Rüstəm, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və başqa şairlərlə yanaşı, böyük türk ədibləri Nazim Hikmət, Abdurrahim Karakoç, Ahmet Hamdi Tanpınar, Ataol Bəhramoğlu, Necib Fazil Qısakürək, Hüseyn Nihal Atsız və digərlərinin əsərləri dərc olunub.

Tədbirdə çıxış edənlər mədəniyyəti, mənəviyyatı, dili, dini eyni olan iki qardaş xalq arasında ədəbi əlaqələrin möhkəmlənməsinin, iki xalqın ədiblərinin gənc nəslə tanıdılmasının vacibliyini vurğulayıblar.

Bildirilib ki, üç cilddə nəşr ediləcək antologiyanın növbəti nəşrlərində orta və gənc nəsil şairlərinin şeirləri toplanacaq.

Sonda Türkiyə-Azərbaycan dostluğuna həsr edilmiş şeirlər səsləndirilib.