Makro-rejissor, kiber-kinematoqraf Tofiq Tağızadə haqqında
Xəyallarda normal, “fabriçni” ölçü-biçili, ancaq sahibinin ultra-zövq müdaxiləsilə batıq-qabarıği “quruluş” verilmiş bir “Meksikanski şlyapa” canlandırmalı. Bu şlyapa altındakı kişini “papaq altda oğullar yatır!” məsəlilə yansıyan təsəvvürləri ədəbi-bədii təsvirə yönləndirməli: surətən çox məsum, zahirən – sənət nəfinə bəzi kaprizlərinə baxmayaraq, çox sakit, tərtəmiz, müdrik bir uşaq…
Yetmiş doqquz illik (1919-1998) ömrünü belə bir “statik”liklə yaşamış bu fenomenal real obrazı “ulduz”dan-“ulduz”a bir, iki, bəzən beş-on yaş böyümüş görməli:
Orta məktəb; “kino-pavilyon” kimi baxdığı sinif otaqlarında özüylə bərabər, uşaqların da hərəkətlərini “attraksion”laşdırır.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu təhsilindəykən müttəfiq respublika təmsilçilərinə qoyulan fərqlərin “çort”una getdikcə qocamanlaşır. “Azərbaycanfilm” kinostudiyasında işə qəbul olunandan sonra hərdən sənədindəki doğum tarixçəsinə, güzgüdə alın qırışlarına baxdıqca, xəyalında cızılan təəssüf mayalı təəssürat-“titr”lər: “gecikirsən”, “hələ heç bir “filmin sonu” imzasına varmamış ömrün sonu gələ bilər”, “Başqalarının yüksək qiymətləndirdiyi operatorluq, assistentlik işlərim bir heç”, “Tamaşaçılarla müstəqil görüş gərəkdi, görüş, görüş!..”
* * *
Və bu da – ömrünün 40 ilini həsr edəcəyi bu sənətdə ilk müstəqil iş: “Görüş” filmi!..
Axırayaxın “media-kadr”ların birindəki “xatirə”də danışılası kaprizlərinə baxmayaraq, bu surətən uşaq, batinənsə tam professional və daim ideoloji “qırmızı xətt”i keçmə cəhdlərində bulunan milli kinematoqraf öz çoxsaylı-çoxşaxəli ekran yaradıcılığında Azərbaycanın tarixini, ictimai-siyasi, mədəni-məişət mənzərələrini bütün həmkarlarına nisbətdə daha geniş, daha sənətkarlıqla əks etdirəcək.
* * *
Öncə, ekran mükəlləfiyyətinin ad və qısa məzmunu belə bir qəzet səhifəsinə sığmayası bu rejissorun dörd-beş filmini xatırlamalı: saf məhəbbət və estetik həyat tandemini ehtiva edən “Arşın mal alan” (1965), Vətən, millət və bəzi bəşəri dəyərlər məsələlərini vəsf edən “Dədə Qorqud”, insan talelərinin ictimai-siyasi, sosial-psixoloji “həndəsə”lərilə zamanın obrazını cızıb-yaratmağa çalışdığı “Mən ki gözəl deyildim”, “Babamızın babasının babası”, “Bağ mövsümü” və ən son işi olan “O dünyadan salam” (M.Cəlilin “Ölülər”i əsasında). Bunlardakı özünəməxsusluq kriterləri daşıyan bir çox nüansın fərqinə varıb, fikri yığcamlamaq qəsdilə belə bir qənaətə gəlməli ki (məsələn), bu rejissorun “Dədə Qorqud”unda Turalın arxadan oxlanması anında döyüşçülərin heykəlləşən qaya parçalarına çevrilmə obrazlılığı kimi istedad nümunələri saysız-hesabsız. Və əsas diqqət-təsəvvürü onun saylı-hesablı ideoloji istedad elementlərinə yönəltməli. Özü də bir para mühakimə-mülahizəvi “giriş”lə: bu ekran işlərinin əksər kontingenti salonla qeyri-adi vizual təmasa, hətta bəzən, interaktiv mükaliməyə girib, illüzion-vizion bir “sənət və həyat” harmoniyası yaradır. Bunlarda milli-mənəvi dəyərlərimizlə bağlı elə kadraltı görüntülər, ideoloji yasaqlara toxuntular var ki, hətta, yeni gəncliyin gözündə müstəqilliyimizdən bəri “repressiya”, “depressiya”, “rejim” və s. terminlərlə təhdid-tənqid edilən sovet dövrünə “demokratik“lik bəraəti də qazandırır.
* * *
“Yeddi oğul istərəm”də komsomol başçısı Bəxtiyarın Humayı (qadını!) qamçılaması. Təəccübləndirici deyilmi ki, o dövrün siyasi cəhətdən ən liberal tamaşaçısında belə etiraz doğuran bu olayı sovet “qlavlit”i necə sinirib, kütləvi nümayişə buraxıb? Axı burada söhbət “ədalətli”, “humanist” kommunizm quruluşunun “tərbiyəli” davamçıları olası “nümunəvi komsomolçu” qoçaqlardan gedir!
Qəbiristanlıq epizodunda ümumiyə deyilən “gədə” sözünə yalnız məhz bəy kökən-mənşəli Cəlalın (“gədə özünsən!”) reaksiyası, “Qan çanağı”nda onu üzücü əzab-əziyyət ləzzəti təmrinlərilə öldürmək istəyən Kələntərə “ürəyimdən vur” iltiması anında – bu xalqın böyüyə hörmət ədəb-ərkanından dolayı “dayı” deməsi və s.
Ovaxtların tənqidi (proletar “elitar”ları) kütləvi informasiya vasitələrində Gəray bəyin özünü (ideoloji-tipoloji aspektdə – bəy-xanlığı) güllələdiyi epizodda hövllə daxil olduğu otağın qapısını “dünyanın sonu” tərzilə bağlamasını zorla devrilmiş ictimai-siyasi keçmişimizin “kitabının bağlanması”, həmin an-ardınca komsomol Bəxtiyarın (elə həmin aspektdə - bolşevizmin) digər bir qapını açmasını isə “sovetlər perspektivi”nin təsdiq tryuku kimi təqdir-tərif edirdi. Milli “ara-bərə”də isə bu kimi nüanslar “bir şirinin xatirinə yüz acını yemək” deyimlərilə dəyərləndirilirdi; yeddi gənc komsomol “yoldaş”ın bir ahıl bəy qarşısında acizliyi və fizioloji-bioloji ölümlər saçan sovet quruluşundan çıxış yolunu yalnız intiharda tapan bu bəyin özünə açdığı atəşdən də öldürücü səslənən qəhqəhəsi!..
Bütün parametrlərilə senzuralı bolşevizm bunlara nə əcəb göz yummuşdu? Əlbəttə, rejissorun gözqamaşdırıcı professionalizm projektoru səbəbindən. O, gözqabağı kadrlarda məsələni elə situativ-vizual tekstlərdə verirmiş ki, “za kadr”larda müdaxiləvi “kontekst”lərə yer qalmırmış...
* * *
“Arşın mal alan”ındakı Gülçöhrə ilə Əsgəri istisna edib (axı, filmlərdə bütün enerji, maddi-mənəvi maya baş qəhrəmanların təqdiminə xərclənir!), bütün xəyal-göz rakursunu qulluqçu Tellinin, qardaşqızı Asyanın və nökər Vəlinin üz-gözlərinə yönəltməli: əgər bu minbir sözlü gözlər olmasaydı (və ya məsələ yalnız aktyorların “dubl”lardan öncələrki əzəl-özəl baxışları ümidinə qalsaydı), o iki qızın qəlbindəki ər umu-həsrəti, ailə arzu-murazları təkcə sözün bəyanı ilə bu qədər canlı, “ətli-qanlı” qavranılacaqdımı?..
Bu məqamda bu fenomenal “kinofil”dən “Sovetski ekran” jurnalına verdiyi bir intervü-“kadr”: “- Müharibədən həmən sonra ekranlaşdırılmış və... görünməmiş populyarlığa malik olan “Arşın mal alan”ın əldən düşmüş nüsxələri günümüzədək bizdə və xaricdə nümayiş olunduğu halda, onun yeni variantını çəkməyə ehtiyac nədən doğdu?” “-Əsas məqsədimiz, hər bir əsərinə dönə-dönə müraciət edilmə yükü daşıyan dahi Üzeyir bəyin saf məhəbbətə və Şərq qadınının faciəli taleyinə həsr olunmuş bu şedevrinin ideyasını, başqa bir rakursdan yanaşmaqla, daha geniş açmaq idi...”
* * *
1992-ci ilin iqtisadi-siyasi çətinliyində çəkdiyi “O dünyadan salam”dakı hadisələr 14 respublikanın “SSRİ - qəbiristanlıq”da dirilib, bir-bir öz evlərinə qaçmasını eyham-ehtiva edir. Analoqu olmayan nəhəng bir siyasi quruluşun kifayət qədər maraqlı, istedadlı bir sənət nümunəsində devrim-süqutu! Lakin... müstəqillik illərində dünya arenasına çıxmaqçün edilən bu ilk cəhd heç ölkədaxili addım da ata bilmir və kinoteatrlardakı “sıfır maraq”dan küsən rejissor “belə bir milli-siyasi məhsulun gözdən düşməsinə yol verə bilmərəm” fikrilə televiziya nümayişinə qadağa qoyur. Və təkrar bir “lakin”: bir müddət sonra bu film “Türkmənistanda keçirilən “Gümüş aypara” festivalında birinci yeri tutur...
* * *
Bu rejissorun “başıbəlalı” filmlərindən hesab edilən “Bağ mövsümü”nün (və həm də müəllif “kapriz”lərinin) qısa nəqli baş rolun (Ağabacı) ifaçısı Zemfira Sadıqovanın xatirələrində: “Bədii şura məni seçdiyi halda, bir də eşitdim ki, S.İbrahimova bu rola hansı geyimlərdə çəkiləcəyilə maraqlanır. Bunu rəhbərliyə çatdırdım və Eyvaz Borçalı (kinostudiyanın direktoru – red.) da rejissorun Ağababa roluna sınaq edilən üç məşhur aktyor içərisindən məhz Həsən Məmmədovu çəkmək istəyinə rəğmən: “Yaxşı, Ağababa roluna Həsəni çəkirsən, Ağabacı roluna Zemfiranı” deyəndə, Tağızadə bircə kəlmə işlətdi: “Oldu”.
Lakin bu istedadlı rejissor öz daxili eqosundan qalmadı; sonda, oynadığım ən maraqlı epizodların bəzilərini filmdən çıxartdı, 90 dəqiqəlik filmi kəsib elədi 75 dəqiqə. Əgər şəxsi münasibətlər sənəti üstələməsəydi, ortaya daha yüksək səviyyəli bir iş çıxa bilərdi...”
* * *
Azərbaycan kinosuna özünəməxsus yeni nəfəs, orijinal baxış gətirmiş bu istedad və orijinallıq mücəssəməsinin qapalı sovet zəmanəsinin kameralara yasaq etdiyi milli duyğularımızı da ekran “reklam”ına çıxarması, problemlərə baxışda ekran-salon “tərəf-müqabil”liyi yaratması haqda da düşünməli; kino-seans zamanı bu “tərəf”lər arasında, az qala, proporsional izləmə situasiyası yaşanır. Baxın, o, bilavasitə gözə, bilvasitə hiss, qəlb və duyğulara işləyərək, ekran-salon tandem-dramaturgiyası yaradır. Məncə, onun aktyor kontingenti hər dəfə öz “ifaçı”lıq işlərini bitirib “tamaşaçı”lığa keçirkən, rejissorun saysız dubl, şərh, müdaxilə-mühakimə kaprizləri sayəsində çox şeyə nail olunduğunu da görüb, növbəti rol yüklərini tuturmuşlar...
* * *
Kinoya – bu böyük sənət səltənətinə müharibə alovlarından keçib, barmaqlarından birini səngərdə qoyub qayıtmış rejissorun “Uzaq sahillərdə” kino-şedevrinə uzatdığı millilik “barmağı”; bizim doğma Mehdi-“Mixaylo”muzu, bir çox rusofil həmkarlarından fərqli olaraq, “cılxa sovet”ləşdirməməsi.
* * *
Xəyal-ekranların proloq-kadrında istedadlılığı qədər də prinsipial, “hər şey ali sənət üçün!” kredolu, konyunkturadan xali, özgür bir ömür yaşamış və bu keyfiyyətləri “hesabına”, az qala, filmlərində mədəniyyətimizə qazandığı maraqlı situasiya, təbiət-cəmiyyət mənzərələri, bitkin obrazlar qədər “maraqlı” düşmənlər də qazanmış bir rejissor yaratmalı və ömürsonu hansısa səlahiyyət sahibinin “daha bu studiyaya gəlmə” hökmünə “axı, mən bu studiyanı yaradanlardan biri olmuşam!” pıçıltısının fərqinə varmalı...
* * *
Onun dedikcə maraqlı ekran irsi isə tamam başqa mətləblər söyləməkdə...
Tahir ABBASLI