Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Konservatoriyası (AMK), Heydər Əliyev Konqres Mərkəzi və “Qafqaz” hotellər şəbəkəsinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərində silsilə konsertlər keçirilib.
Konservatoriyadan bildirilib ki, konsert proqramlarının ilk günü Əməkdar artist, xanəndə Təyyar Bayramov sənətsevərlər qarşısında çıxış edib. Onu əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edib. Konsertdə xanəndənin tələbələrinin ifaları da maraqla qarşılanıb.
Növbəti gün Xalq artisti Mənsum İbrahimovun solo konserti olub. Onu əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), həmçinin Vəfadar Ramizzadə (zərb alətləri), Habil İsmayılov (fortepiano) müşayiət edib.
Konsert proqramlarının üçüncü günü isə Xalq artisti Azər Zeynalov çıxış edib. Onu konsertin bədii rəhbəri, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Əməkdar artist Eldar Məmmədov, Rəşad İbrahimov (tar) və Təbriz Yusubov (kamança) müşayiət edib. Konsertdə Azərbaycan musiqisi ilə yanaşı, xarici ölkə bəstəkarlarının əsərləri də səsləndirilib.
Xatırladaq ki, sözügedən tədbir Azərbaycan Milli Konservatoriyası və “Qafqaz” hotellər şəbəkəsinin Qəbələdə birgə reallaşdırdığı ikinci konsert layihəsidir. Qurban bayramı günlərinə təsadüf edən konsertlər yerli sənətsevərlərə böyük zövq bəxş edib.