Şəkidə diaspor gənclərinin yay düşərgəsinə yekun vurulub
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə işini başa çatdırıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 37 ölkədən 140 fəal gənc iştirak edib.
Avqustun 22-də başlanan yay düşərgəsinin proqramı xeyli rəngarəng olub. Düşərgə müddətində diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə “Mənim dilim” adlı təlimlər təşkil edilib, “Vətəni tanı” mövzusunda viktorina və yarışlar keçirilib. Yay düşərgəsində gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq və digər mövzularda ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. Proqrama vətənpərvərlik mövzusunda tədbirlər də daxil edilib. Gənclərə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat verilib.
Düşərgə müddətində gənclər qədim Şəkinin tarixi məkanları ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Avqustun 27-də axşam Şəki Olimpiya İdman Kompleksində layihənin bağlanış mərasimi olub. Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Daşqın Rəcəbli və yay düşərgəsinin layihə rəhbəri Aytən Əliyeva çıxış edərək layihənin iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə bütün iştirakçılara sertifikatlar təqdim olunub.