Mədəniyyət Nazirliyinin internet resursları “əla” xidmət göstərənlər sırasında
Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə media nümayəndələri, mərkəzi və yerli icra hakimiyyəti orqanları mətbuat xidmətlərinin əməkdaşları iştirak edib.
Tədbirdə informasiya əldə etmək hüququ ilə bağlı KİV nümayəndələri və vətəndaşların informasiya sorğusunun cavablandırılmasında mövcud olan problemlər müzakirə olunub, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytlarında aparılan monitorinqin nəticələri elan edilib.
Mətbuat Şurası İdarə heyətinin üzvü, “Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev layihə çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, layihə üzrə 31 mərkəzi icra hakimiyyəti, Bakı şəhərinin 13 və Abşeron rayonu, eyni zamanda 23 kənd rayonunun internet resursları monitorinqə cəlb olunub.
Vətəndaşlarla görüş, xəbərlərin statistikası və mahiyyəti araşdırılıb. Monitorinqə daxil olan qurumların sosial şəbəkələrdəki hesabları öyrənilib. Mətbuat xidmətləri rəhbərlərindən KİV və vətəndaş müraciətlərini necə araşdırdıqları, sorğulara hansı müddətdə və formada cavab verdikləri öyrənilib. Eyni zamanda jurnalistlərin bu barədə fikirləri öyrənilib.
N.Niftiyev 31 mərkəzi İcra hakimiyyətinin internet resursları sırasında 17 qurumun “əla” xidmət göstərdiklərini bildirib: “Bu qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar. Bu sıraya Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Vergilər, İqtisadiyyat nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərsu” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC, Dövlət İmtahan Mərkəzi, “ASAN Xidmət”, Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC və “Azərenerji” ASC daxildir. Daha 14 qurumun internet saytları aktiv, sosial şəbəkə hesabları, mətbuat xidmətlərinin fəaliyyəti yaxşı qiymətləndirilib.
Bundan əlavə, Bakı və kənd rayonları üzrə Binəqədi, Abşeron, Füzuli, Şəki, Masallı, Qəbələ, Qazax və İsmayıllı rayon icra hakimiyyəti saytlarının aktiv olduğu, sentyabr-oktyabr aylarında digər mərkəzi və yerli icra hakimiyyətlərinin saytlarının və sosial şəbəkələrdə aktivliyinin monitorinqinin davam etdiriləcəyi vurğulanıb.