Mədəniyyət Nazirliyində Perunun ölkəmizdəki səfiri ilə görüş keçirilib
Avqustun 29-da mədəniyyət naziri Əbülfəs Qarayev Peru Respublikasının ölkəmizdəki səfiri xanım Mariya Milaqros Kastanyon Seoane ilə görüşüb.
Görüşdə iki ölkə arasında əməkdaşlıq, qarşılıqlı layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Söhbət zamanı həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Peru Respublikası Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin imzaya hazır olduğu bildirilib. Səfir sazişin imzalanması məqsədilə nazir Əbülfəs Qarayevi Peruya səfərə dəvət edib.
Əbülfəs Qarayev öz növbəsində Peru tərəfini cari ilin 25-26 oktyabr tarixində keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu və 2019-cu ildə ölkəmizdə təşkil olunacaq V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.
Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində, xüsusilə arxeoloji qazıntılar, incəsənət və memarlıq sahələri üzrə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.
Sonda səfir səmimi qəbula görə təşəkkürünü bildirib və ikitərəfli mədəni əlaqələrin məhsuldar olacağına inamını ifadə edib.