Avqustun 29-da Təbriz Universitetinin 70 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov və Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak ediblər.
Təbriz Universitetinin rektoru, professor Rza Purməhəmmədi çıxış edərək təhsil ocağının tarixindən danışıb. Qeyd olunub ki, Təbriz Universiteti İranın yüksək səviyyəli təhsil ocaqlarından biridir. Universitet İranın Şərqi Azərbaycan vilayətinin ictimai-siyasi və iqtisadi həyatında da önəmli rol oynayır.
İranın elm və tədqiqatlar nazirinin müavini, Şərqi Azərbaycan vilayətinin valisi və başqaları Təbriz Universitetinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, son illər İran ilə Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlər, o cümlədən təhsil sahəsində inkişaf edir, birgə tədqiqatlar aparılır. Humanitar sahədə qarşılıqlı əməkdaşlığa toxunan A.Məhərrəmov qeyd edib ki, uzun illərdir BDU-da fars dili və ədəbiyyatı üzrə böyük elmi məktəb yaradılıb. Qarşılıqlı əlaqələrin daim irəliləməsi ali məktəblərdə tədrisin və təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Bu baxımdan Bakı Dövlət Universiteti 100 illik yubileyi ərəfəsində dünyanın bir çox ölkələrinin, o cümlədən İranın ali təhsil məktəbləri ilə əlaqələrini intensivləşdirmək niyyətindədir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İranın elmi mühitində Təbriz Universitetinin xüsusi yerinin olduğunu bildirib. Qeyd edib ki, uzun illər aparılan elmi tədqiqatların nəticəsidir ki, bu gün Təbriz Universitetinin müəllimlərinin məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur. Məhəmmədhüseyn Şəhriyarın, Şəms Təbrizinin yubiley tədbirlərinin birgə keçirildiyini deyən İsa Həbibbəyli Azərbaycanın ali təhsil müəssisələri ilə Təbriz Universiteti arasında əməkdaşlığın davam edəcəyini bildirərək ali məktəbin müəllim-professor heyətinə uğurlar arzulayıb.
Tədbir çərçivəsində BDU və Təbriz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Yubiley mərasimi Təbriz Simfonik Orkestrinin iştirakı ilə mədəni proqramla davam edib.