Mədəniyyət müəssisələrinin əməkdaşları üçün silsilə seminar-təlimlər keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən paytaxtdakı mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların müxtəlif ixtisaslı əməkdaşları üçün tematik xarakterli silsilə seminar-təlimlər keçirilib.
Mərkəzdən bildirilib ki, ümumilikdə 26 mədəniyyət müəssisəsindən 200-dən çox əməkdaşın qatıldığı təlimlər İ.Əbilov adına Mədəniyyət mərkəzi, Badamdar qəsəbə Mədəniyyət evi, Binə qəsəbə Mədəniyyət mərkəzi və Şağan Mədəniyyət mərkəzində reallaşıb.
Təlimlər “Mədəniyyət müəssisələrinin fəaliyyətində innovativ metodlardan istifadə”, “Mədəniyyət müəssisələrinin fəaliyyətində bədii özfəaliyyət kollektivlərinin rolu”, “Mədəniyyət işçilərinin hüquqi maarifləndirilməsi və innovativ metodlar” mövzularına həsr olunub.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək sahə üzrə kadrların hazırlanmasında hüquqi maarifləndirmənin əhəmiyyətindən danışıb, mövcud problemlərin həllində müəssisələrin əməkdaşlığının vacibliyini vurğulayıb.
Tədbirlər çərçivəsində Elmi-Metodik Mərkəz tərəfindən hazırlanmış metodik vəsaitlərin təqdimatları da keçirilib.
Layihə və təkliflər sırasında Maştağa qəsəbə Mədəniyyət mərkəzi, Korgöz qəsəbə Mədəniyyət evi, İ.Əbilov adına Mədəniyyət mərkəzi, Suraxanı rayon Mədəniyyət evi, habelə Zirə qəsəbə Mədəniyyət mərkəzinin əməkdaşlarının fikirləri maraqla qarşılanıb. Müzakirə olunan məsələlər sırasında xüsusi olaraq mədəniyyət müəssisələrinin fəaliyyətinə yeni yanaşma, müasir forma və üsullardan istifadə yolları, sosial populyarlıq, əməkdaşların peşəkarlığı, məhdud fiziki imkanlı şəxslərlə işin təşkili mexanizmi və digər önəmli mövzular qeyd edilib.