Sosial şəbəkələrdə azyaşlı oxucuların informasiya tələbatının ödənilməsi, onların mütaliəsini düzgün istiqamətləndirmək, uşaq ədəbiyyatının təbliğini gücləndirmək məqsədilə Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və UNESCO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsinin təşəbbüsü ilə “YouTube” internet kanalında yaradılmış “Kitabsevər uşaqlar” səhifəsi 2016-cı ildən fəaliyyətə başlayıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS layihədə fəal iştirak edir. Layihənin fəal iştirakçıları arasında Bakı şəhəri Sabunçu, Binəqədi rayon, Şəki, Sumqayıt, Gəncə şəhər, Qax, Quba, Masallı, Zərdab, Ağdaş, Oğuz, Xızı, Zaqatala, Saatlı, Samux, Ağcabədi, Ucar, Şabran, Siyəzən, Qazax, Salyan, Xocavənd, Ağsu rayon MKS-lərini də qeyd etmək olar.
“YouTube”dakı “Kitabsevər uşaqlar” səhifəsinə izləyicilərin marağı gündən-günə artır. Videolar Azərbaycanda və dünyanın 39 ölkəsində izlənilir. Səhifənin 70 mindən çox abunəçisi var. Kanal vasitəsilə paylaşılan videolara 1 milyon 530 min dəfədən çox baxılıb, 15 min dəfə bəyənilib, videolara 2 mindən çox rəy yazılıb.
İzləyicilərin təkliflərini nəzərə alaraq, “Kitabsevər uşaqlar” “YouTube” kanalının səhifəsində 970-dən çox video paylaşıb.
Layihə çərçivəsində müsabiqələr, viktorinalar, milli nağıllarımızın təbliği məqsədilə intellektual yarışlar keçirilir.