Azərbaycanın qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəki ilin bütün fəsillərində əcnəbi qonaqları özünə cəlb edir. Bu il də yay aylarında minlərlə səyahət həvəskarı gəlib.
Onların ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğudur. Burada yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayı hər zaman böyük maraq doğurur.
Bartolomeo Mazzotta Şəkiyə İtaliyadan gəlib. İxtisasca arxeoloq olan qonaq Roma şəhərində yaşayır. Azərbaycana ilk dəfə gəldiyini bildirən italyan turist AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Mən Azərbaycanın zəngin təbiətinə, həmçinin Bakı şəhərinin müasir üslubda olan arxitekturasına heyran qaldım. Bakıdan sonra regionlarla da tanış oluruq. Dağlıq ərazidə yerləşən Lahıc kəndi və digər yerlər çox xoşumuza gəldi. İkinci gündür Azərbaycanın qədim diyarı Şəkidəyik. Xan sarayı, Yuxarı Karvansaray və digər tarixi abidələrlə tanışlıq ürəyimcə oldu. “Sənətkarlar evi”ndə şəbəkə ustası Hüseynlə tanışlıq da maraqlı keçdi. Şəbəkə sənəti məni, sözün həqiqi mənasında, heyran etdi. Eşidəndə ki, keçmişdə sənətkarlar şəbəkə üçün lazım olan rəngli şüşələri İtaliyadan gətirirlər, buna çox sevindim. Şəbəkə sənəti Azərbaycanın necə zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir”.