Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov təşkilatın baş direktorunun yeni təyin olunmuş müavini Xing Qu ilə görüşüb.

A.Kərimov Azərbaycan-UNESCO münasibətləri haqqında məlumat verərək, 2017-ci ildə əlaqələrin 25 illik yubileyinin qeyd olunduğunu bildirib. Səfir Azərbaycanın UNESCO-nun gənc üzvü olmasına baxmayaraq, onun ən fəal üzvlərindən birinə çevrildiyini, qurumun mədəniyyət, elm, təhsil və kommunikasiya kimi əsas fəaliyyət sahələrində uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırıb.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv olan Azərbaycanın milli və beynəlxalq səviyyədə mədəni irsin qorunması ilə bağlı fəaliyyəti və bu istiqamətdə töhfələrindən bəhs edilib.

Səfir, həmçinin 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi”nin irəli sürüldüyünü, hər iki ildən bir Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan UNESCO-nun bir sıra layihələrini maliyyələşdirir.

Görüşdə UNESCO baş direktorunun təşəbbüsü ilə aparılan islahatlar, quruma intellektualların və tanınmış elm xadimlərinin cəlb edilməsi, onun mədəniyyət, elm və təhsil vasitəsilə sülhə xidmət etməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş direktorun müavini UNESCO-nun hazırkı qlobal çağırışlar dövründə Azərbaycan kimi fəal ölkələrə, onların təcrübə və tövsiyələrinə ehtiyacının olduğunu qeyd edib.