Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 30-da Zaqatala rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. Heydər Əliyev Mərkəzinə, Zaqatala Rayon Dövlət Rəsm Qalereyasına, Mədəniyyət mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə, Uşaq incəsənət məktəbinə baş çəkən nazir bu mədəniyyət ocaqlarının fəaliyyətinin daha da gücləndirilməsini, müasir tələblər səviyyəsində qurulmasını tapşırıb.

Avqustun 31-də mədəniyyət naziri Zaqatala rayon Mərkəzi kitabxanasına baş çəkdi. Burada məlumat verildi ki, əsası 1923-cü ildə qoyulan kitabxana ötən dövr ərzində əhalinin maariflənməsində yaxından iştirak edib.

Nazir kitabxanada elektron xidmətlərin səviyyəsinin daha da artırılması, kitabxana işçiləri üçün Elmi-Metodik Mərkəz tərəfindən kursların təşkil olunması haqqında göstəriş verdi.

Nazir həmçinin kitabxananın qarşısında yerləşən parkda Zaqatala rayonunda fəaliyyət göstərən sənətkarların əl işlərindən ibarət satış-yarmarkasının təşkili barədə müvafiq tapşırıq verdi.

Daha sonra Əbülfəs Qarayev Zaqatalada yerləşən rus kilsəsinin tarixi binasına baxış keçirdi. Tikilinin vəziyyəti ilə tanış olan nazir XIX əsrdə inşa olunmuş binanın bərpası məqsədilə müvafiq araşdırma aparılmasının, təmir-bərpa işinin həyata keçirilməsinin vacibliyini qeyd etdi.

* * *

Həmin gün mədəniyyət naziri Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə birgə rayondakı bəzi mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə də tanış oldu.

Nazir və icra başçısı ilk olaraq Qax şəhər məscidinə gəldilər. XIX əsrdə inşa olunmuş məscid binasında bir neçə il öncə bərpa işləri həyata keçirilib. Bina formaca dördbucaqlıdır. Damörtüyü qırmızı kirəmitlə işlənib. Minarəsi dəyirmi formada olub, bişmiş kərpicdən inşa edilib, hündürlüyü 16 metrdir.

Əbülfəs Qarayev və rayon rəhbəri daha sonra Bayraq muzeyinə baş çəkdilər. Burada məlumat verildi ki, muzeyin yerləşdiyi kompleksin ərazisi üç hektardır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bayraq meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında tarixi Azərbaycan dövlətlərinin bayraqlarına və digər atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir.

Nazir muzeyin fəaliyyətinin daha da gücləndirilməsi üçün tapşırıq və tövsiyələrini verdi.

FARİZ