Şamaxı rayonunun Dəmirçi kəndində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin ekspozisiyası yeni arxeoloji materiallarla zənginləşdiriləcək.
Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin sözlərinə görə, muzey müasir dünya standartlarına uyğun inşa edilib. Arxeoloji muzeyin nəzdində arxeoloji fond, elmi tədqiqatlar və bərpa işləri üçün nəzərdə tutulmuş xüsusi otaqlar var.
Muzey iki ekspozisiya zalından ibarətdir. Birinci zalda Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının 2016-2018-ci illərdə Dəmirçi nekropolunda apardığı tədqiqatlar zamanı aşkara çıxarılmış, son antik və ilk orta əsrlər dövrünə aid daş qutu və küp qəbirlərdən ibarət ekspozisiya sərgilənir. İkinci zalda isə Şamaxı və ətraf ərazilərdə aşkarlanmış, qədim dövrlərdən orta əsrlərin sonuna aid dövrlərin maddi mədəniyyət nümunələri təqdim olunur.