Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Macarıstanın Debretsen Universitetində Qarabağla bağlı təqdimat və kitab sərgisi təşkil edib.
Cəmiyyətdən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Münaqişə zonalarında humanitar fəlakət və tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin baxışında” layihəsi çərçivəsində keçirilən tədbirə 200-dək gənc alim, doktorant və magistr qatılıb.
Macarıstanın Pannonia Universitetinin müəllimi, Avropa Gənc Alimlər Şurası (EURODOC) İdarə Heyətinin üzvü Peter Szabo bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Layihənin rəhbəri, AGAAMC-nin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bildirib ki, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoq məkanı edib. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır, ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirir. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.
Layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru Ruslan Rəhimli diqqətə çatdırıb ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri qalıb. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən sayılan Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir.
Tədbirdə Qarabağ abidələrinin münaqişədən əvvəlki və ermənilər tərəfindən dağıdılmış vəziyyətini əks etdirən fotolar və sənədli film nümayiş olunub.
Kitab sərgisində Azərbaycan tarixi, həqiqətləri, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlarla bağlı nəşrlər nümayiş olunub. Sərgidə əsasən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun, Arxeologiya və Etnoqrafiya İnstitutunun ingilis dilində nəşr olunmuş kitabları yer alıb. Kitablardan bəzi nüsxələr Debretsen Universitetinin kitabxanasına hədiyyə edilib, eyni zamanda iştirakçılara paylanılıb.