O, uşaq vaxtı gördüyü bir italyan filminin cazibəsindən ömrü boyu çıxa bilmədi...
   O, kinonu seçdi...
   25-dən çox bədii filmin rejissoru olsa da, quruluşçu rejissor kimi özünü heç vaxt sınamadı, çətinliklərə, əziyyətlərə baxmayaraq kinodan heç vaxt uzaqlaşmadı...

   
   O, kinonu sevdi...
   
   Müsahibim ömrünün 45 ilini Azərbaycan kinosuna həsr edən, səmimiyyəti, təvazökarlığı, məsuliyyəti ilə kino aləminin gözəgörünməz canlı əfsanələrindən birinə çevrilən, ona həvalə olunan filmlərin yükünü titrlərə qədər daşıyan, zəhməti müqabilində aldığı məvacibə yox, filmin uğurlu alınmasına sevinən, hər dəfə rejissoru olduğu kinolentlərə baxarkən “nə yaxşı bu film çəkildi” - deyib Allaha şükür edən, “Azərbaycanfilm” kinostudiyasının rejissoru, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovdur.
   Akif Rüstəmov 1945-ci il oktyabrın 27-də Bakı şəhərində anadan olub. Gözünü açanda müharibə görməsə də, müharibənin ağrılarının, acılarının şahidi olub. Atası neftçi, anası evdar qadın olan Akif uşaqlıqdan kinoya bağlanıb. Bir gün kinoteatrda baxdığı “Onlar əsgərlərin ardınca gedirdilər” adlı italyan filmi, sözün əsl mənasında, onun körpə qəlbini ovsunlayıb və gələcək sənət yolunu müəyyənləşdirib.
   
   - Yadımdadır, mən müharibədən bəhs edən o filmə baxandan sonra kinoteatrdan çıxıb ağlaya-ağlaya ora-bura qaçırdım.
   
   İllər keçsə də, bu filmdəki təsirli səhnələr uşaqlıq xatirəsindən silinmir. Möcüzəli aləmlə daha yaxından tanış olmaq üçün Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Milli teatr və kino sənətimizin korifeylərindən biri - rejissor, aktyor və pedaqoq Rza Təhmasibdən sənətin sirlərini öyrənir. 1968-ci ildə təhsilini başa vurub “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi işə başlayır.
   
   - O vaxt kinostudiyanın rəhbəri görkəmli sənətkarımız Adil İsgəndərov idi. Kinorejissor Arif Babayev məni “Uşaqlığın son gecəsi” filminə assistent götürdü. Sonra “Gün keçdi” filmində assistent oldum. “Sevil” film-operası assistent kimi son işim oldu. Günlərin birində rəhmətlik Tofiq Tağızadə mənə dedi ki, istəyirəm, səni “Qızıl qaz” filminə rejissor götürüm. 

   Akif Rüstəmovun rejissor karyerası da “Qızıl qaz”dan başlayır. Kinoya olan sonsuz sevgisi əhatəsində olduğu insanların diqqətindən yayınmır.
   
   Bir anlıq tərəddüd və ya hər şey film naminə
   
   Günlərin birində o dövrün nəhəng rejissorlarından Həsən Seyidbəyli heç kimin gözləmədiyi bir qərar verir. Akif Rüstəmovu quruluş verdiyi “Nəsimi” filminə rejissor dəvət edir. Bu, 24-25 yaşlı gənc rejissoru qorxuya salır.
   - Çünki “Nəsimi” tarixi bir film idi. İkincisi, kinostudiyada məndən təcrübəli adamlar vardı. Adil müəllimin yanına getdim, dedim ki, mən işləyə bilmərəm, çünki cavanam, bu boyda məsuliyyəti üstümə götürə bilmərəm. Dedi: “Qadam, get, sənin kimi işçi mənə lazım deyil”.
   
   Adil İsgəndərovun qətiyyəti qarşısında Akif Rüstəmovun başqa seçimi qalmır və bütün canı-qanı ilə bu filmdə çalışır, təcrübə və hörmət qazanır.
   
   - Nəsimi” filminin çəkilişindən 40 il keçir. Bu ekran əsərinə hər dəfə baxanda deyirəm, nə yaxşı ki, bu filmdə işlədim, nə qalırsa belə filmlərdən qalır, yüz il də qalacaq...
   
   Akif Rüstəmov sonralar görkəmli kinorejissor Tofiq Tağızadə ilə “Dədə Qorqud” filmində birgə işləyir. Ümumilikdə tarixi mövzuda səkkiz filmin, o cümlədən “Babək”, “Nizami” filmlərində rejissor kimi çalışır.
   
   - Kinoda kifayət qədər təcrübə qazanan, filmin yükünü çiyinlərində daşımağı bacaran Akif Rüstəmov niyə quruluşçu rejissor kimi özünü sınamadı?
   - Birincisi, sovet vaxtında Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu qurtarmayan rejissorlara film çəkməyə icazə vermirdilər. Hesab edirəm ki, haqlı idilər. Çünki bu institut böyük məktəb idi. Belə baxsaq, bizim ən yaxşı filmləri o institutun məzunları - Şamil Mahmudbəyov, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Eldar Quliyev və başqaları çəkiblər. Bundan başqa, ali rejissorluq kursları da vardı, sözün açığı, ora arada bir təklif oldu, amma getmədim. Həm imkan yox idi, həm də fikirləşdim ki, mən nə Arif Babayevdən, nə Tofiq Tağızadədən, nə də Həsən Seyidbəylidən yaxşı film çəkə bilməyəcəyəm. Heç bunlar kimi də çəkə bilməyəcəyəm. Rejissor taleyimlə razılaşdım. Heç heyifsilənmirəm də...
   
   “Müharibə haqqında psixoloji film çəkərdim”
   
   Səmimiyyət, təvazökarlıq... Hiss edirəm ki, Akif Rüstəmovun kövrək ürəyinin lap dərin qatlarından çəkmək istədiyi filmlərin kadrları boylanır. Mənə elə gəlir ki, onun quruluşçu rejissor kimi çəkmək istədiyi və çəkə biləcəyi filmlər milli kinomuzun inciləri sırasında fəxrlə yer alardı.
   
   - Siz quruluşçu rejissor kimi film çəksəydiniz hansı janra müraciət edərdiniz?
   - Əgər mənə belə bir təklif eləsəydilər, müharibə haqqında psixoloji film çəkərdim.
   - Niyə məhz müharibə haqqında? Uşaq vaxtı gördüyünüz o filmi unuda bilmədiyiniz üçünmü?
   - Hə, istəyimin alt qatında o film dayanır. Müharibə mövzusunda film çəkmək istəyərdim. Düzdür, hər filmə canını verirsən, amma o filmə biliyimi, təcrübəmi, ürəyimi, canımı qoyardım.
   - Bəs öz həyatınızdan film çəksəniz, onun janrı nə olardı?
   - İmkan verilsəydi, həyatımı bir balaca başqa cür qurardım. Bir də o fürsət verilsəydi, çətinliklərə baxmayaraq, gedib təhsilimi davam etdirərdim.
   - Heç kimə sirr deyil ki, filmin yükünün, ağırlığının böyük bir hissəsi də məhz elə rejissorun çiyninə düşür.
   - Bu belədir. Rejissorun yükü çoxdur. Sovet vaxtı quruluşçu rejissoru filmin “müdafiə nazir”i, rejissoru “qərargah rəisi” adlandırırdılar. Həm yaradıcılıq, həm təşkilatçılıq rejissorun üzərinə düşürdü.
   - Onda sizə belə bir sual verim: rejissorda hansı xüsusiyyətlər olmalıdır ki, filmi yarıda qoymasın?
   - Rejissor həddən artıq səbirli olmalıdır. Qrupdakı 50-60 nəfərin hamısı ilə dil tapmalı, məqsədə doğru yönəltməli, yaxşı atmosfer yaratmalıdır. Xeyirxahlıq olmasa, qrup dağılar, iş getməz, yaxşı film də ortaya çıxmaz. Birdə ki, hər filmin öz çətinliyi var. Ürəyini, canını qoyursan, film çəkilir, baxanda deyirsən ki, əşi, cəhənnəm olsun çətinlik-filan, əsas odur ki, film var.
   - Hazırda hansı filmi çəkirsiniz?
   - İndi rejissor Fikrət Əliyev İlqar Fəhminin ssenarisi əsasında və şərti adı “Polkovnikin xəzinəsi” olan filmi çəkirik. İnşallah, avqustda başa çatacaq.
   
   Belə deyirlər ki, rejissor istənilən səhnə əsərinin baş ifaçısıdır. Kino və ya tamaşanın həqiqətən sevilməsi, ona tamaşaçı rəğbətinin artması, məhz onun işinin səviyyəsindən asılıdır. Tamaşa və ya filmin uğursuzluğunun bir nömrəli günahkarı da həmişə rejissor hesab edilir.
   Akif Rüstəmov filmin sevilməsi üçün əlindən gələni əsirgəməyən rejissordur. Onun dünyası kinodur. Keçmiş barədə hörmətlə, bu gün barədə rəğbətlə, sabah barədə ümidlə danışan nadir sənət adamlarımızdan biridir. Bu sənətə gələn gənclərin istedadına inanan Akif Rüstəmov milli kinomuzun sabahını dünənindən də işıqlı gördüyünü deyir.
   Napoleon deyirdi ki, səmimiyyət və dostluq ən çətin tapılan nemətdir. Akif Rüstəmov səmimiyyəti və insanlara qarşı olan dostluq münasibəti ilə Azərbaycan kinosunun nemətidir.
   Söhbətimizin sonunda Akif müəllim “Mən ömrümdə birinci dəfədir, müsahibə verirəm” - dedi. Mənə elə gəlir ki, Akif Rüstəmov kinomuzdakı fədakarlığına görə bundan sonra da dövlətimiz tərəfindən öz layiqli qiymətini alacaq və müsahibə almaq üçün jurnalistlər mütləq onu arayacaq.
   
   Təranə Vahid