Bu il “Caspian Event Organisers” (CEO) şirkətinin tədbirləri sırasına yeni layihə - I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi (“AdPrint”) əlavə olunub.

Şirkətdən bildirilib ki, sərgi “Gift&Promo Fair” sərgisi ilə paralel olaraq sentyabrın 20-dən 22-dək “Boulevard Hotel Baku” mehmanxanasında keçiriləcək. “AdPrint” sərgisi regionda reklam xidmətlərinin bütün spektrini əhatə edən və həm yerli, həm də xarici şirkətləri bir araya gətirən yeganə tədbirdir.

Sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcək. İştirakçılar skanerləri, “Flexi Capture” proqram təminatını, informasiya texnologiyaları, ofis avadanlıqlarını, nəşriyyat-poliqrafiya xidmətlərini, istənilən növ avadanlıq və ləvazimatları, stendlərin quraşdırılmasını,  suvenirləri, reklam materiallarını, təşviqat məhsullarını, peşəkar çap avadanlıqlarını və s. təqdim edəcək.

“AdPrint” sərgisi yeni tərəfdaşları cəlb edərək, bazarı təhlil etmək üçün çox səmərəli vasitəyə çevrilməklə yanaşı, reklam və çap məhsullarının istehsalı sahəsində innovativ məhsul və xidmətlərin nümayiş olunduğu unikal platforma funksiyasını yerinə yetirəcək. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Sərgi haqqında ətraflı məlumat və elektron dəvətnamə rəsmi saytda (www.adprint.az) yerləşdirilib.