Xəbər verdiyimiz kimi, sentyabrın 7-dən 10-dək Nizami Kino Mərkəzində “Rusiya kinosu həftəsi” keçiriləcək. Layihə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi və Rusiyanın “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Sentyabrın 7-də açılış mərasimindən sonra rejissor Sergey Mokritskinin  2018-ci ildə istehsal olunmuş “Çernovik”  bədii filmi nümayiş olunacaq.

Həftə çərçivəsində rejissor Yekaterina Teleqinanın Azərbaycan aktyorlarının da yer aldığı “Kilimandjara” komediya filmi (8 sentyabr), rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener” filmi (9 sentyabr) və Klim  Şipenkonun dram janrında çəkdiyi “Salyut - 7” bədii filmi (10 sentyabr) təqdim olunacaq.

Hər gün saat 18:30-da Nizami Kino Mərkəzinin böyük zalında başlayacaq seanslara giriş sərbəstdir.

Rusiya film həftəsi daha sonra “YARAT” Müasir İncəsənət Mərkəzində davam edəcək.

Sentyabrın 11-də burada rejissor İvan Tverdovskinin “Atılmışlar” bədii filmi nümayiş ediləcək.

Film nadir xəstəliyi olan və ömrü boyu internatda yaşayan bir gəncin həyatından bəhs edir. Anası onu gözlənilmədən internatdan çıxarıb evlərinə gətirir. Filmin qəhrəmanı Moskvada, özündən asılı olmayaraq mütəşəkkil cinayət qrupunun mərkəzinə çevrilir. Film rus dilində nümayiş olunacaq.

Qeyd edək ki, rejissor, ssenarist, operator və rəssam kimi tanınan İ.Tverdovskinin tammetrajlı kinoda debütü “Düzəliş sinfi” filmi olub. Film Karlovı-Varı kinofestivalında mükafata layiq görülüb. 2016-cı ildə rejissor 27-ci “Kinotavr” kinofestivalında “Zoologiya” filminə görə kinoşünas və tənqidçilərin xüsusi mükafatını qazanıb.