Sentyabrın 11-dən 16-dək Bakıda İndoneziya mədəniyyəti festivalı keçiriləcək. Layihə İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək.

Festivalın ilk günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcəklər.

Festivalın ikinci və üçüncü günləri Fəvvarələr meydanında sərgilər və müxtəlif tədbirlər keçiriləcək.

Sentyabrın 14-də isə “YARAT” Müasir İncəsənət Mərkəzində “İndoneziya İslam memarlıq irsi” mövzusunda memarlıq forumu keçiriləcək.

Foruma İndoneziya Memarlıq Assosiasiyasının sədri, tanınmış memar Muniçi Baxron Edres rəhbərlik edəcək. Tədbir çərçivəsində müsəlman irsləri arasında müxtəlif incəsənət və mədəni mirasların təsirinə məruz qalmış İndoneziyanın zəngin memarlığı təqdim olunacaq.

Forumda təqdim olunacaq mövzulardan biri qeyri-adi müsəlman yaşayış məntəqəsi olan, Sultan sarayı ilə və xüsusi Yava kosmologiya və fəlsəfəsinə əsaslanan dizaynı ilə, Yava adasının ənənəvi və tarixi şəhəri olan Coqcakartanın mərkəzində yerləşən Kauman kəndi haqqındadır. Bu forum, həmçinin dialoq, fikir mübadiləsi və İndoneziya haqqında bilik və Azərbaycan memarlığı, incəsənət və dizaynı haqqında məlumat almaq üçün bir fürsətdir.

Qeyd edək ki, Coqcakarta İslam Universitetinin professoru olan Muniçi Baxron Edres, həmçinin rəngkarlıqla məşğul olur.