Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova Özbəkistanın Buxara şəhərində keçirilən Dünya Sənətkarlıq Şurasının (WWC) keyfiyyət nişanının təqdimat mərasimində iştirak edib.
Muzeydən bildirilib ki, mərasimdə Şirin Məlikova beynəlxalq münsiflər heyətinə üzv seçilib. Qurumun keyfiyyət nişanına sahib olmaq üçün Mərkəzi Asiya ölkələri sənətkarlarının 100-dən artıq məmulatı təqdim olunub.
“Bu mükafat yalnız ciddi seçim turundan keçmiş məmulatlara verilir. Onların arasında güləbətin tikmələr, metal, keramik, ağac və lak məmulatları, zinət əşyaları, keçə nümunələri, ənənəvi geyim və eyni zamanda ənənəvi texnikada işlənmiş aksesuarlar var. Ümumilikdə 46 ədəd məmulata keyfiyyət nişanı verilib”, - deyə Şirin Məlikova bildirib.
O deyib ki, Orta Asiya ölkələrində el sənəti növlərinə ciddi maraq var, böyükdən-kiçiyə hər kəs bu fəaliyyət növü ilə məşğul olur: “Bu cəfakeş insanların əvəzsiz işi sayəsində ailələr özünü maddi cəhətdən təmin edir, bununla yanaşı, ölkənin iqtisadiyyatı inkişaf edir. Digər tərəfdən isə bu, ölkənin mədəniyyətinin dünyada tanınmasını təşviq edir”.
Səfər çərçivəsində bir sıra görüşlər keçirən Şirin Məlikova Buxarada güləbətin tikmə fabrikində işin həcmi, istifadə olunan materiallar, tikmə texnikaları ilə tanış olub. Fabrikdə ən böyük sifarişlər isə Rusiya və Qərbi Avropa ölkələri üçün hazırlanır.
Muzeyin direktoru Özbəkistanın Gijduvan keramika məktəbinin görkəmli nümayəndəsi Abdullo Nazrullayevin Buxara yaxınlığındakı emalatxanasını da ziyarət edib. Nəsillər boyunca Nazrullayevlər ailəsi bu sənət növü ilə məşğul olur. Hazırda emalatxana nəzdində məmulatların çeşidindən ibarət qalereya və qədim keramika nümunələrinin toplandığı muzey fəaliyyət göstərir. Şirin Məlikova müəssisənin gələcəkdə Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlığı çərçivəsində keramika və tikmə sənətlərinə aid birgə sərginin təşkilinin mümkünlüyünü bildirib.
Xalça Muzeyinin direktoru “Səmərqənd Buxara ipək xalçaları” fabriki ilə də tanış olub, müəssisənin kolleksiyasında olan Azərbaycan xalçalarına baxıb.