Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “Nil mədəniyyət” dövlət televiziya kanalının “Mənim gecəm” proqramının qonağı olub.
O, Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, “Koroğlu” dastanında adı keçən Misri qılıncdan və ölkəmizdə çoxlu sayda ərəb mənşəli kəndlərin olmasından, hətta Azərbaycanda yeni doğulan uşaqlara Misir adının qoyulmasından danışıb və bu məlumatlar qarşı tərəfin marağına səbəb olub.
Daha sonra S.Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. O, Azərbaycanın turizm potensialından geniş danışarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini də bildirib.
Hazırda Qahirədəki diaspora mərkəzimizdə dünyanın 17 ölkəsindən olan 150-dən çox tələbəyə Azərbaycan dili başda olmaqla, müxtəlif fənlər ödənişsiz tədris olunur. Birliyin sədri Seymur Nəsirov bu fəaliyyətə 15 il öncə başladığını və bundan sonra da davam etdirməyə çalışacağını qeyd edib.
45 dəqiqədən çox davam edən verilişin əvvəlində Azərbaycanın müasir görünüşünü əks etdirən videoçarx nümayiş olunub.
S.Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində ölkəmizlə bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.