Oktyabrın 9-dan 30-dək Azərbaycanda 3-cü Elm festivalı keçiriləcək.
Festival Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə reallaşdırılacaq.
Elm festivalı çərçivəsində Bakı, Naxçıvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran və Quba şəhərlərində bir sıra tədbirlər təşkil olunacaq.
İki ildən bir keçirilən festivalın təşkil edilməsinin məqsədi yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılmasıdır.
Tədbir çərçivəsində gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, həmçinin yaradıcılıq emalatxanaları və sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri əks etdirən məruzələr, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.