İsmayıllıda Yazıçılar Birliyinin üzvü, Prezident yanında Bilik Fondunun mühazirəçisi Qardaşxan Əzizxanlının təşəbbüsü, rayon İcra Hakimiyyətinin və regional Bilik evinin birgə təşkilatçılığı ilə III Məmməd Araz poeziya günü keçirilib.
Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunan tədbirdə rayon ziyalıları, gənclər, İsmayıllı İctimai Yazarlar Birliyi və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri iştirak ediblər.
Ədəbi-musiqili məclis şairin öz səsində lentə alınmış şeirinin oxunması ilə başlayıb.
Tədbirin aparıcısı Qardaşxan Əzizxanlı Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. Məclisə rayon müəllimlərinin də qatıldığını deyən aparıcı vurğulayıb ki, şair də müəyyən mənada müəllimdir, maarifçidir, insan tərbiyə edir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Milli Məclisin deputatı Aqil Abbas, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov və başqaları çıxış edərək Məmməd Arazın həyat və yaradıcılığından söz açıblar.
Xalq şairinin şeirlərindən nümunələr oxunub, sözlərinə bəstələnən mahnılar ifa edilib.
Sonda Məmməd Araz şeirlərinin ən yaxşı ifaçılarına fəxri fərmanlar və hədiyyələr verilib.
III Məmməd Araz poeziya günləri Xalq şairinin doğum günü ərəfəsində – oktyabrın əvvəlində Məmməd Arazın xatirəsinə həsr edilən respublika şeir müsabiqəsinin nəticələrinin elan edilməsi, qaliblərin mükafatlandırılması ilə yekunlaşacaq.