Bərdə rayon Mədəniyyət mərkəzində Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbər işçilərinin iştirakı ilə növbəti Şura iclası keçirilib. Şuranın sədri, regional idarənin rəisi İlyas Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verib.
Regional idarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin 2018-2019-cu tədris ilinə hazırlığı haqqında danışan İ.Hacıyev məktəblərdə təlim-tədris prosesinə diqqətin artırılmasından, məktəblərin müsabiqə və festivallarda yüksək səviyyədə iştirakının vacibliyindən, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülmüş işlərdən bəhs edib. Qeyd olunub ki, məktəblərin fəaliyyəti regional idarə tərəfindən qiymətləndiriləcək.
Daha sonra gündəlikdə duran digər məsələ - regional idarənin tabeliyində olan muzey şəbəkəsinin inkişafı, muzeylərin fondlarının zənginləşdirilməsi, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, digər muzeylərlə qarşılıqlı işin qurulmasından söhbət açılıb.
Şura iclasında daha iki məsələ - kitabxanalarda oxuculara xidmət işinin təşkili və klub müəssisələrinin fəaliyyətinin optimallaşdırılması barədə də danışılıb.
Qeyd edilib ki, kitabxanalarda “book cafe”lərin (kitabxana-çay evləri) təşkili oxucuların cəlb olunmasına kömək edir və bu təcrübə daha geniş tətbiq olunacaq.
Vurğulanıb ki, klub müəssisələri əhalinin mədəni istirahətini yüksək şəkildə təşkil etməlidir və bu baxımdan yeniliklərin tətbiqi zəruridir.
İclasda regional idarənin Mingəçevir, Yevlax şəhərləri, Tərtər və Bərdə rayonları üzrə məsləhətçilərinin məruzələri dinlənilib, yanvar-avqust ayları ərzində görülmüş işlərdən, çatışmazlıqlardan söz açılıb, müvafiq tapşırıqlar verilib.
Müsabiqə və festivallarda yüksək nəticələr əldə edən bir qrup şagird və müəllimə regional idarə tərəfindən hədiyyələr təqdim olunub.